Mingəçevir Turizm Kollecinin beşillik yubileyi qeyd edilmişdir
Mingəçevir, 16 iyun (AZƏRTAC). Mingəçevir Turizm Kollecinin beşillik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov iştirak etmişlər.
Qonaqlar və təhsil ocağının kollektivi əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra kollecdə tələbələrin rəsm əsərlərindən ibarət sərgi ilə tanışlıq olmuşdur.
Nazir Əbülfəs Qarayev kollecin maddi-texniki bazası, təlim-tədris proqramı, o cümlədən kompyuter otağında, kitabxanada, imtahan-kompyuter zalında yaradılan şəraitlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
Tələbə və müəllimlərlə keçirilən görüşdə kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixindən, fəaliyyətindən və ötən beş ildə qazanılan uğurlardan danışmışdır. O bildirmişdir ki, hazırda təhsil ocağında 12 ixtisas üzrə 2110 tələbə təhsil alır. Kollecin beynəlxalq əlaqələrindən danışan natiq hazırda təhsil ocağının Şotlandiyanın Stevenson Kolleci, Rumıniyanın Andrei Barseanu, Rusiyanın Moskva Biznes və İqtisadiyyat Kolleci ilə sıx əməkdaşlıq etdiyini söyləmişdir.
Təhsil müəssisəsinin beşillik fəaliyyətini yüksək qiymətləndirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu kollecin ölkəmizdə turizm sektorunun inkişafına verdiyi töhfələrdən danışmış, təhsil ocağının kollektivini yubiley münasibətilə təbrik etmişdir. Nazir bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması turizm sektorunun inkişafını daha da sürətləndirmişdir. Hazırda yeni turizm obyektləri inşa olunur və bir sıra layihələrə imza atılır.
Tədbirdə məzunlara diplom və döş nişanları, müəllimlərə isə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.
Sonra “Riverside” hotelində bayram münasibətilə ziyafət təşkil edilmiş və konsert olmuşdur.