Minskdə “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumu başa çatıb
Minsk, 13 may, AZƏRTAC
Mayın 13-də “Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumunda “Müasir media: yeni texnologiyalar, yeni imkanlar” mövzusunda panel diskussiyası keçirilib. Mediaforumun belaruslu və xarici iştirakçıları qızğın diskussiyalarda yeni ictimai-media paradiqmasının formalaşması amili kimi internet, şəbəkə birlikləri və sosial məsuliyyətin aspektlərini müzakirə ediblər. Onlar həmçinin müasir media və yeni kommunikasiyaların inteqrasiya proseslərində rolu, internet məkanının tənzimlənməsinin aktual problemlərini və digər məsələləri müzakirə ediblər.
Müzakirələrdə çıxış edən AZƏRTAC-ın xüsusi müxbiri Zeynal Ağazadə qeyd edib ki, sürətli texnoloji prosesin qarşımıza qoyduğu çağırışlara reaksiya verərək agentlik əsas məqsədin həyata keçirilməsi üçün daim yeni yanaşmalar axtarır. Bu məqsəd xəbərin aktuallığının onun yeniliyində və operativliyində olduğunu yaddan çıxarmadan istehlakçını keyfiyyətli, peşəkar informasiya ilə təmin etməkdir. Müasir çağırışları nəzərə alaraq AZƏRTAC öz informasiya resurslarının kiberhücumlardan etibarlı müdafiə etmək üçün ciddi tədbirlər görür və bu işi kifayət qədər uğurla həyata keçirir. Agentliyin texniki cəhətdən etibarlı təchizatı sayəsində AZƏRTAC-da effektiv iş üçün zəruri olan innovasiyalı texnoloji avadanlıq var. AZƏRTAC-ın sistemli şəkildə yenilənən və təkmilləşən saytında təxminən hər iki dəqiqədən bir Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində materiallar təqdim olunur. Bütün bu dəyişikliklər və nailiyyətlər dövlət rəhbərliyinin ölkənin əsas xəbər agentliyinə dəstəyi və diqqəti olmadan həyata keçirilə bilməzdi.
Panel diskussiyalarında Azərbaycanın digər KİV-lərinin nümayəndələri, o cümlədən “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, “Novosti-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Gülnarə Məmmədzadə, “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov da iştirak edib.
Bu gün mediaforuma yekun vurulub və tədbirin qətnaməsi qəbul edilib.
“Gələcək naminə tərəfdaşlıq” XI Belarus Beynəlxalq mediaforumu öz işini başa çatdırıb.