Minskdə “Xocalı Azərbaycan xalqının əbədi xatirə və hüzn rəmzidir” mövzusunda “dəyirmi masa” olmuşdur
Bakı, 27 fevral (AZƏRTAC). Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin (BİB), onun gənclər bölməsinin, Azərbaycanın Belarusdakı səfirliyinin, Bakı Slavyan Universitetinin (BSU) M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşəbbüsü ilə Minskdə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Xocalı Azərbaycan xalqının əbədi xatirə və hüzn rəmzidir” mövzusunda “dəyirmi masa” olmuşdur.
“Azərbaycan İcmaları Konqresi” BİB-in gənclər bölməsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə konqresin sədri Natiq Bağırov və Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə 1992-ci ildə Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən misli görünməmiş vəhşiliklə törədilmiş soyqırımından söz açmışlar. Vurğulanmışdır ki, bu faciə Azərbaycan xalqının iki əsr sürən soyqırımı tarixində ən amansız cinayətlərdən biridir.
“Azərbaycan İcmaları Konqresi” BİB-in gənclər bölməsinin rəhbəri Elvira İmanova və BSU-nun BDPU nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Hüseynova Xocalı faciəsi gerçəkliklərinin və tarixi faktlarının dünya birliyinə çatdırılmasında müasir Azərbaycan gənclərinin əhəmiyyətli rol oynadıqlarını vurğulamışlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beş il əvvəl başlanmış və Xocalı faciəsinin beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən siyasi hüquqi zəmində tanınmasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyasının xüsusi əhəmiyyəti də vurğulanmışdır.
Minskdəki müxtəlif ali məktəblərin tələbələri və məzunları Nail Şirinəliyev, Dilşad Ağayeva və Elvin Abbasov ermənilərin Azərbaycan xalqına qarşı amansız və vəhşi hərəkətlərinə etirazlarını bildirmiş, Xocalı qırğınının azərbaycanlıların şüurunda kök salmış ağrı-acısını çatdıran şeirlər oxunmuş, Xocalının taleyini 1943-cü ildə faşistlər tərəfindən məhv edilmiş Belarusun Xatın kəndi ilə müqayisə etmişlər.
“Dəyirmi masa”nın qonaqları və tələbələr bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin mühüm məqamlarını və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizama salınması imkanlarını müzakirə etmişlər.
Tədbirin sonunda erməni silahlı birləşmələrinin Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə film nümayiş etdirilmiş, iştirakçılara məlumat xarakterli müxtəlif materiallar paylanmışdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 adam, o cümlədən 63 uşaq və 106 qadın qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 1275 nəfər əsir və girov götürülmüş, müxtəlif işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışdır. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi indiyə qədər məlum deyildir.
Xocalı faciəsi əvvəlki kimi cəzasız qalan cinayətdir. Gələcəkdə belə dəhşətli hadisələrin təkrarlanmasının qarşısını isə yalnız dünya birliyinin aydın və birmənalı mövqeyi ala bilər.