MİQRASİYA MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir bu görüşün Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlunun anım gününə təsadüf etdiyini bildirmişdir. Görüşdə dahi şəxsiyyətin əziz xatirəsi anılmış, gördüyü işlərdən bəhs olunmuşdir.
Xanım Barbro Holmberq Azərbaycana səfəri çərçivəsində miqrasiya sahəsində ikitərəfli əməkdaşlıq üçün yeni əlaqələrin qurulması məsələlərinin nəzərdə tutulduğunu bildirmişdir. O qeyd etmişdir ki, miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi, eləcə də, əməkçi miqrantların sosial müdafiəsinin təmin edilməsi, hüquqlarının qorunmasında beynəlxalq təşkilatlarla yanaşı, dünya dövlətləri ilə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Qonaq, həmçinin Azərbaycanda miqrasiya proseslərinin gedişi ilə də maraqlanmışdır.
Nazir Əli Nağıyev bildirmişdir ki, Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı dövlət siyasətinin formalaşdırılması istiqamətində ilk tədbirlərə ölkə müstəqil olduqdan sonra başlanılmışdır. Hökumətin bu sahədə gördüyü işlər Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Branson Mak Kinlinin 2000-ci ilin oktyabrında Azərbaycana rəsmi səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevlə görüşü zamanı yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikası 2001-ci ildən Beynəlxalq Miqrasiya Təşkilatının üzvüdür. Respublikada əmək miqrasiyasının tənzimlənməsi əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması, sosial müdafiələrinin təmin edilməsi sahəsində görülmüş işlər aidiyyəti beynəlxalq təşkilatlarla, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatının, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Azərbaycandakı nümayəndəlikləri, həmçinin Avropa Şurasının Miqrasiya Komitəsi ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Eyni zamanda miqrasiya sahəsində qanunvericilik bazası da möhkəmləndirilir. Belə ki, 1998-ci ildə “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu, 2004-cü ildə “Azərbaycan Respublikasının Miqrasiya idarəetmə siyasəti Konsepsiyası” təsdiq edilmiş, Konsepsiya ilə müəyyən olunmuş vəzifələrin həyata keçirilməsini təmin edəcək ”Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”nın layihəsi hazırlanmışdır.
Nazir qeyd etmişdir ki, azərbaycanlı mütəxəssislərin əsasən Rusiyada, Ukraynada, Qazaxıstanda və Türkiyədə çalışdıqlarını nəzərə alaraq onların bu ölkələrdə işə cəlb edilmələrinin sadələşdirilməsi məqsədi ilə müvafiq sazişlər imzalanmışdır. Əli Nağıyev digər ölkələrdən Azərbaycana miqrasiya edənlərlə bağlı məlumat vermiş və qeyd etmişdir ki, bunlar əsasən neft sektorunda çalışan xarici vətəndaşlardır. O, həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistandan və Azərbaycanın işğal altında olan rayonlarından qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlər görüldüyünü də vurğulamışdır.