Mişel Platini FİFA-nın prezident seçkilərinə buraxılmayıb
Bakı, 12 noyabr, AZƏRTAC
FİFA prezident seçkisində iştirak edəcək namizədlərin yekun və yeni siyahısını ictimaiyyətə açıqlayıb.
AZƏRTAC xəbər verir ki, siyahıda beş namizədin adı yer alır. Ali futbol qurumunun siyahısına bu posta favorit namizəd sayılan UEFA prezidenti Mişel Platininin adı salınmayıb.
Xatırladaq ki, oktyabrın əvvəlində Platini FİFA prezidenti Yozef Blatterdən qanunsuz iki milyon İsveçrə frankı alması şübhəsi ilə müvəqqəti tutduğu vəzifədən kənarlaşdırılıb. Analoji cəza FİFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatterə də şamil edilib. Eyni zamanda, seçki komissiyasının qərarı ilə Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Hassan Bilitinin də namizədliyinə qadağa qoyulub. Hazırda 2016-cı ilin fevralın 26-sında baş tutacaq seçkidə prezidentliyə namizəd olan şəxslər bunlardır: İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Həlifə, FİFA-nın sabiq baş katibi Jerom Şampan, UEFA-nın baş katibi Canni İnfantino və iş adamı Tokio Seksvale.