Misir KİV-lərində Azərbaycanın İslam Həmrəylik Oyunlarını keçirməyə hazırlaşması haqqında məqalə dərc edilib
Qahirə, 29 fevral, AZƏRTAC
Misirin nüfuzlu “Əl-Diyar” və “Ruzal-Yusuf” qəzetlərində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin Azərbaycanın İslam Həmrəylik Oyunlarını keçirməyə hazırlığı barədə məqalə dərc edilib. Məqalədə bildirilir ki, keçən ilin iyun ayında Bakıda ilk Avropa Oyunlarının uğurla keçirilməsindən sonra Azərbaycan IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə qəbul etməyə fəal surətdə hazırlaşır. Oyunların hələ il yarımdan sonra keçiriləcəyinə baxmayaraq, Azərbaycan artıq onu qəbul etməyə tam hazır olduğunu bildirir.
Müəllif qeyd edir ki, 2017-ci il Bakıda İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə qərar Ciddə şəhərində İslam Həmrəylik İdman Federasiyasının VIII hesabat-seçki Baş Assambleyasında yekdilliklə qəbul edilib. Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli Sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Təşkilat Komitəsinin sədridir. Mehriban Əliyeva bundan əvvəl ilk Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik edib.
2017-ci il mayın 12-dən 22-dək keçiriləcək bu Oyunlarda 57 islam ölkəsindən 5 mindən çox idmançının iştirakı gözlənilir. İlkin razılaşmaya əsasən idmanın 20 növü üzrə yarışların keçirilməsi planlaşdırılır.
Məqalədə diqqətə çatdırılır ki, Bakıda Təşkilat Komitəsinin birinci iclasında Azərbaycan Prezidenti İlham Əliyev ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini vurğulayıb və bildirib ki, Azərbaycan İslam aləminin bir hissəsidir və Oyunların ən yüksək səviyyədə keçirilməsinə çalışacaq. Prezidentin sözlərinə görə, bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik ölkədir. İlham Əliyev, həmçinin vurğulayıb ki, paytaxtın qonaqları Azərbaycan reallıqlarını, Azərbaycanın müasir, dinamik inkişaf edən, demokratik ölkə olmasını öz gözləri ilə gördülər. Azərbaycan multikulturalizmin mərkəzidir, dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycan dövlətinin başçısı xüsusilə qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda “Formula-1”, Dünya Şahmat Olimpiadası kimi nüfuzlu yarışlar keçiriləcək. Bu yarışların ölkəmizdə təşkili Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək.
Sonra məqalədə İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın nitqindən sitat gətirilib. Azərbaycanın birinci xanımı bu Oyunların ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. Birinci xanım xüsusilə vurğulayıb ki, Təşkilat Komitəsi ilk Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə qazanıb. İndiyədək keçirilən bütün tədbirlər Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq bacarığını göstərib. İslam Həmrəylik Oyunları da müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq.
Məqalədə İslam Həmrəylik İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri haqqında da məlumat verilir. Diqqətə çatdırılır ki, o, Azərbaycan Prezidenti ilə görüşündə Azərbaycanda gedən böyük inkişaf proseslərinin, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradılmasının şahidi olduğunu bildirib. Şahzadə Azərbaycanın İslam Həmrəylik Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.
Oxucunun diqqətinə çatdırılır ki, Azərbaycan islam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin inkişafına həmişə böyük töhfə verib.