Misir qəzetləri: Bakı islamofobiya ilə mübarizə üzrə müzakirələrin mərkəzinə çevrilib
Bakı, 16 mart, AZƏRTAC
Misirin aparıcı qəzet və portallarında BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans haqqında materiallar dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Əl Masr Əl Youm”, “Dustur”, “Əl Əhram” qəzetlərində dərc edilmiş məqalə və xəbərlərdə 32 ölkənin, o cümlədən Misirin alimləri və din xadimlərinin iştirakı ilə plenar sessiyaların keçirildiyi bildirilib. Oxucuların diqqətinə çatdırılıb ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.
Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Misir Baş Müftisinin baş müşaviri, Ümumdünya Fətva Orqanlarının baş katibi İbrahim Nəgim, İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed Al Sahhat Al Cindi və ərəb ölkələrini təmsil edən digər natiqlər hazırda bəşəriyyət üçün ən aktual problemlərdən biri olan islamofobiya ilə mübarizə üzrə səylərin birləşdirilməsi, birgə fəaliyyət proqramlarının hazırlanması və həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Yazılarda qeyd edilib ki, Prezident İlham Əliyevin himayəsi altında təşkil edilən bu tədbir Azərbaycanın paytaxtını islamofobiya ilə mübarizə üzrə müzakirələrin mərkəzinə çevirib.