SİYASƏT
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir

Qahirə, 25 sentyabr, AZƏRTAC
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş təntənəli iclas yüksək səviyyədə təşkil olunmuşdu, biz Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını bu münasibətlə təbrik edirik və uğurlar arzulayırıq. Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir və bu gün dünyanın müasir, sürətlə inkişaf edən ölkələri sırasında öz layiqli yerini tutub.
Bu sözləri Bakıdakı xüsusi iclasda iştirak edən Misir Nümayəndələr Palatasının din və vəqflər işləri komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsama Al-Abd AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Üsama Al-Abd bildirib ki, dünyanın bir çox ölkələrinin yüksək səviyyəli parlament nümayəndə heyətlərinin də iştirak etdiyi təntənəli iclas xoş təəssüratlar yaratdı və böyük maraqla qarşılandı. İclasda Prezident İlham Əliyev Azərbaycanın demokratik cəmiyyətin qurulması sahəsində keçdiyi uzun yol barədə dolğun nitq söylədi.
Deputat, həmçinin bildirib ki, səfər çərçivəsində Misir parlamentinin nümayəndə heyəti Bakıda bir sira faydalı görüşlər keçirib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gövhər Baxşəliyeva ilə görüşlərdə iki ölkə parlamentləri arasındakı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Misirin Nümayəndələr Palatasının oktyabrın əvvəlində başlayacaq yaz sessiyası çərçivəsində Misir-Azərbaycan dostluq qrupunun növbəti iclasında Azərbaycanla parlament əlaqələrinin daha da genişləndirilməsinə dair geniş müzakirələr aparılacaq. Parlamentlərarası dostluq qrupu qarşısına iki qardaş ölkə arasında ikitərəfli münasibətləri möhkəmləndirmək vəzifəsini qoyub. Bu qrupun məqsədi ölkələrimizin parlamentləri arasında əməkdaşlığı fəallaşdırmaq, iki qardaş ölkə və xalq arasında münasibətləri inkişaf etdirməkdir.
Deputat Misir nümayəndə heyətinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşünün də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Üsama Al-Abd qeyd edib ki, bu gün Misirlə Azərbaycanın ikitərəfli münasibətləri yüksək səviyyədədir və ölkələrimizin hər sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Asya Hacızadə
AZƏERTAC-ın xüsusi müxbiri
Qahirə