Misirli gənclər “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na müraciət edə biləcəklər



Qahirə, 13 mart, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən iftar süfrəsi arxasında bu ölkənin aparıcı media nümayəndələri ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən səfir Elxan Poluxov Azərbaycan ilə Misir arasında dostluq əlaqələrinin dərin köklərə malik olduğunu bildirib. Diplomat münasibətlərin genişlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və bu zaman imzalanan ikitərəfli sənədlərin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırılıb ki, Misir və Azərbaycan qlobal tədbirlərə ev sahibliyi edərək beynəlxalq dialoq və əməkdaşlığın möhkəmləndirilməsində rol oynayırlar. Qeyd olunub ki, iki ölkə COP konfranslarını yüksək səviyyədə təşkil edib və bununla bəşəriyyətin qarşılaşdığı problemlərin həlli yollarının müzakirəsinə töhfə veriblər.
Səfir vurğulayıb ki, Şərqlə Qərb arasında dialoq mərkəzi kimi mühüm rol oynayan Azərbaycan bu il Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcək.
Diplomat “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”na sənəd qəbulunun bu yaxınlarda başlayacağını bildirib və misirli gəncləri Azərbaycanın ali məktəblərində təhsil imkanı verən bu fürsətdən istifadə etməyə çağırıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə