MƏDƏNİYYƏT
Moldovada keçirilən etnik festivalda ən çox ziyarət edilən guşə Azərbaycan pavilyonu olub VİDEO
Kişineu, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Moldovada Kişineu meriyası və Millətlərarası Əlaqələr Agentliyinin təşkilatçılığı ilə keçirilən XXI Etnik Festivalda təmsil olunub.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Moldovadakı səfirliyimiz və diaspor təşkilatımız tərəfindən bu ölkədəki Azərbaycanlılar Konqresinin dəstəyi ilə Azərbaycan guşəsi yaradılıb, habelə Şuşaya həsr edilmiş fotosərgi təşkil olunub, ziyarətçilərə broşürlər paylanılıb.
Festivala paytaxt meri İon Çeban, Qaqauziyanın rəhbəri İrina Vlax, müxtəlif dövlət rəsmiləri, diplomatik korpusun üzvləri və çoxsaylı icma nümayəndələri baş çəkiblər. Ölkəmizin mədəniyyətinin, milli-mənəvi dəyərlərinin Moldovada təbliği məqsədilə yaradılmış Azərbaycan pavilyonu festivalda ən böyük və ən çox ziyarət edilən guşə olub.
Azərbaycan guşəsində milli musiqimiz və rəqslərimiz, uşaqların ifasında ana dilimizdə müxtəlif şeirlər səsləndirilib. Guşəni böyük maraqla izləyən qonaqlara milli mətbəximizin müxtəlif təamları təqdim edilib.
Bundan əlavə, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar festival çərçivəsində təşkil olunmuş Şuşaya dair fotosərgidə mədəniyyət paytaxtımızla bağlı 40-dan çox foto və stend nümayiş etdirilib, ətraflı məlumatlar verilib. Eyni zamanda, Azərbaycan guşəsinin yüzlərlə ziyarətçisinə Şuşa haqqında rumın və rus dillərində hazırlanmış broşürlər paylanıb.
Sərgidə sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin doğum günü olduğu vurğulanıb, musiqişünas alimə dair fotoşəkillər qarşısında geniş məlumat verilib, habelə bəstəkara məxsus musiqi əsərləri səsləndirilib.
Azərbaycanın festivalda təmsil olunması ilə bağlı Moldova KİV-də rumın və rus dillərində məlumatlar dərc edilib.
Qeyd edək ki, Moldovada hər il təşkil olunan etnik festivalda ölkə üzrə müxtəlif xalqları təmsil edən guşələr yaradılır, onların milli-mədəni dəyərləri, adət-ənənələri, eləcə də milli mətbəxi nümayiş olunur. Builki festivalda Moldovada yaşayan 35 etnik qrupu və 16 yaradıcı kollektivi təmsil edən 40-a yaxın etnomədəni təşkilat iştirak edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu