Monteneqronun müstəqilliyinin 10 illiyi Bakıda qeyd edilib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Bakıda Monteneqro Respublikasının müstəqilliyinin 10 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev tədbirdə çıxış edərək bu ölkənin 2006-cı il mayın 21-də müstəqillik qazandığını xatırladıb. Ötən dövr ərzində bir çox uğurlar əldə edən Monteneqro bu il mayın 16-da NATO üzvlüyünə qəbul olunub.
Monteneqro-Azərbaycan əlaqələrindən danışan fəxri konsul bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci ildə qurulub. 2012-ci ildə Azərbaycanın Monteneqroda diplomatik nümayəndəliyi açılıb. Monteneqronun Azərbaycandakı fəxri konsulluğu isə 2013-cü ilin noyabrında fəaliyyətə başlayıb. Hazırda iki ölkə arasında geniş siyasi, iqtisadi, mədəni və təhsil əlaqələri mövcuddur. Monteneqro Prezidenti Filip Vuyanoviç 2011-ci ildə ilk dəfə Azərbaycana səfər edib. Bundan 2 il sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Monteneqroda rəsmi səfərdə olub.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bayram tədbirlərində iştirak etmək üçün Monteneqroda səfərdədir.
Fəxri konsul, həmçinin deyib ki, ölkələrimiz arasında turizm əlaqələri də sürətlə inkişaf edir. 2013-cü ildən başlayaraq yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa uçuşlar həyata keçirilir. Son üç ildə 12 min 500-dən artıq azərbaycanlı turist Monteneqroda olub. Hazırda Monteneqro Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir.
Vurğulanıb ki, ötən həftə Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı və ölkəmizin səfirliyinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü yüksək səviyyədə qeyd olunub. Burada Milli Məclisin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmovun Ümummilli Lider haqqında kitabının Monteneqro dilində təqdimatı da keçirilib.
Hüseynbala Mirələmov həmin kitabın artıq 39 dilə tərcümə olunaraq yayıldığını diqqətə çatdırıb. O, kitabın yaxın günlərdə yapon dilinə də tərcümə olunacağını deyib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, iki ölkənin vətəndaş cəmiyyəti institutları, media qurumları da uğurla əməkdaşlıq edirlər.