MOSKVA ASTANAYA KOMPENSASİYA ÖDƏMƏK İSTƏMİR
Rusiya Federal Kosmik Agentliyindən bildirmişlər ki, raketin startı raketdə və onun buraxılış qurğusunda qəza baş verməsi, onların zədələnməsi ehtimalına qarşı sığorta edilmişdir. 50 milyon dollardan artıq məbləğdə olan sığorta “zərər çəkmiş şəxslərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulduğu halda” ödənilə bilər. Hər hansı digər risklər sığorta edilməmişdir.
Xatırladaq ki, iyulun 31-də Qazaxıstanın Qızıl Orda vilayət prokurorluğu “Dnepr” raketinin qəzaya uğraması faktı ilə əlaqədar respublikanın Cinayət Məcəlləsinin 282-ci maddəsinin birinci hissəsi (“Atmosferin çirklənməsi”) və 285-ci maddəsinin birinci hissəsi (“Torpağın korlanması”) üzrə cinayət işi qaldırmışdır. Qazaxıstan mütəxəssisləri raketin düşdüyü yerdə torpağın nümunələrini götürmüşlər. Torpaqda bir litrdə 1000 milliqram həcmində raket yanacağı – heptil olduğu qeydə alınmışdır. Heptil çox zəhərli maddələrdən sayılır.
“Azadlıq” Radiosunun məlumatına görə, raketin düşdüyü yerin yaxınlığındakı kəndlərin bəzi sakinləri tibbi yardım üçün müraciət etmişlər. Onlar baş ağrısından və dəri qaşınmasından şikayətlənirlər. Bu cür əlamətlər həmin sahənin toksik raket yanacağı ilə zəhərlənməsinin nəticəsi ola bilər.
Ruskosmosun nümayəndələri bu informasiyanı hələlik şərh etmirlər. Bununla yanaşı, Rusiya tərəfi ehtiyatlanır ki, Moskvanın Astanaya kompensasiya ödəməkdən boyun qaçırması təqdirində Qazaxıstan yanacaq kimi heptil işlədən bütün raketlərin Baykonur kosmodromundan buraxılmasını qadağan edə bilər.
Məlum olmuşdur ki, Rusiya tərəfi əsassız ehtiyatlanmırmış. “Novosti” agentliyinin xəbərinə görə, Qazaxıstan “Dnepr” tipli raketlərin Baykonurdan buraxılmasını qadağan etmişdir. Moskvaya müvafiq məktub göndərilmişdir.
Xatırladaq ki, iyulun 27-də gecə Baykonurdan start götürən 18 kosmik aparat qoyulmuş “Denpr” daşıyıcı raketi uçuşun 86-cı saniyəsində qəzaya uğramışdır.