“MOSKVA” MEHMANXANASININ ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR
Müsabiqədə həm yerli, həm də xarici sərmayədarlar iştirak edə bilərlər.
Bunun üçün iddiaçılar müasir tələblərə uyğun mehmanxana xidmətlərinin təşkili, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması kimi məsələlərin həllini əks etdirən proqram hazırlamalı, dövlət büdcəsinə ödəniləcək 1 milyon manatdan (AZN) və komitəyə təqdim ediləcək 50 min ədəd dövlət özəlləşdirmə çekindən az olmamaq şərtilə müvafiq təkliflər verməlidirlər.
Xarici sərmayədarlar isə dövlət özəlləşdirmə çeklərinin sayına müvafiq dövlət özəlləşdirmə opsionları təqdim etməlidirlər.
Müsabiqəyə yekun vurulan zaman müəyyənləşdirilmiş şərtlər daxilində maksimum məbləğdə sərmayə təklif edən və onun səmərəli qoyuluşu üçün öhdəlik götürən, turizm və mehmanxana biznesi sahəsində qabaqcıl təcrübəyə malik iddiaçıya üstünlük veriləcəkdir.
Müsabiqənin qalibi alqı-satqı müqaviləsi imzalandığı tarixdən səhmdar cəmiyyətinin əməkhaqqı və onlara bərabər tutulan borcları üzrə ödənişlərini 90 təqvim günü müddətində həyata keçirməli, təklif etdiyi pul vəsaitini 60 gün müddətində dövlət büdcəsinə köçürməli və müvafiq sayda özəlləşdirmə çekini (xarici sərmayədarlar həm də özəlləşdirmə opsionlarını) 90 gün müddətində təqdim etməlidir. Bundan əlavə, proqram ilə müəyyən edilmiş sərmayənin ümumi məbləğinin 5 faizini pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına 30 gün müddətində köçürməlidir.
Müsabiqədə iştirak üçün ərizə və təkliflər sentyabrın 6-dək qəbul ediləcək, müsabiqə komissiyası təklifləri qiymətləndirməyə sentyabrın 8-dən başlayacaqdır.