SİYASƏT
MOSKVADA AZƏRROS FMMM-İN IV QURULTAYI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvada Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM) IV qurultayı keçirilmişdir. Qurultayın işində Rusiyanın müxtəlif regionlarından nümayəndələr, digər ictimai təşkilatların təmsilçiləri, tanınmış dövlət xadimləri və ictimai xadimlər, ləzgi, alman, qaraçı və digər milli-mədəni muxtariyyətlərdən qonaqlar, elm və mədəniyyət xadimləri iştirak etmişlər.
Qurultayda Rusiya və Azərbaycanın dövlət himnləri səslənmişdir. Toplaşanlara Roman Ağayevin AzərRos FMMM-in 8 illik fəaliyyətinə həsr olunmuş müəllif filmi nümayiş etdirilmişdir. Dövlət Dumasının sədri Boris Qrızlovun, Federasiya Şurasının sədri Sergey Mironovun, Moskva meri Yuri Lujkovun, RF Regional İnkişaf Nazirliyinin, Millətlər Evinin, eləcə də ictimai xadimlərin və ziyalıların təbrik məktubları oxunmuşdur.
AzərRos FMMM-in prezidenti Söyün Sadıxov təşkilatın gördüyü işlərdən danışaraq bildirmişdir ki, FMMM-in fəaliyyətinin əsas istiqaməti mədəniyyətin, dilin, ənənələrin qorunub saxlanması, ölkədə millətlərarası həmrəyliyin dəstəklənməsidir. O demişdir: “Biz, əvvəllər olduğu kimi, bundan sonra da Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımızın, Azərbaycandan gələn miqrantların Rusiya cəmiyyətinə, onun qanunlarına və mədəniyyətinə uyğunlaşması üçün onlara kömək göstərəcəyik”.
Moskva şəhəri Regionlararası əlaqələr və milli siyasət komitəsinin sədri Akeksey Aleksandrov FMMM-in IV qurultayının təkcə azərbaycanlılar üçün deyil, həm də bütövlükdə paytaxt ictimaiyyəti üçün mühüm hadisə olduğunu bildirmişdir. O demişdir: “AzərRos mövcud mədəni muxtariyyətlər arasında ən güclü və fəal işləyən təşkilatlardan biridir. Bu işdə təşkilatın rəhbəri Söyün Sadıxovun böyük xidmətləri var”.
Rusiya milli muxtariyyətlərinin liderləri təşkilatın hərtərəfli fəaliyyətindən danışaraq bildirmişlər ki, AzərRos FMMM bütün muxtariyyətlərdən öndə gedir və onlar üçün bir örnəkdir. Təşkilatın millətlərarası dialoqa töhfəsi və bu işdə fəal mövqeyi, həm hakimiyyətlə, həm də müxtəlif ictimai təşkilatlar, konfessiyalar və millətlərin nümayəndələri ilə sıx əməkdaşlığı xüsusi vurğulanmışdır. AzərRosun miqrantların məşğulluğunun təmin olunması, Moskvada əmək yarmarkalarının keçirilməsi sahəsində gördüyü mühüm işlərdən də danışılmışdır.
Qurultay iştirakçıları təftiş komissiyasının AzərRos FMMM-in maliyyə fəaliyyəti haqqında məlumatını dinləmiş və təsdiq etmişlər. Söyün Sadıxov səs çoxluğu ilə yenidən AzərRos FMMM-in prezidenti seçilmişdir. Təşkilatın başçısına ictimai təşkilatların mükafatları və medalları, o cümlədən müharibə veteranlarına çoxillik yardıma görə Desant Qoşunları Veteranları Assosiasiyasının “Vəzifə borcuna və Vətənə sədaqətə görə” medalı təqdim olunmuşdur.