MOSKVADA BEYNƏLXALQ VƏ REGİONAL TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Martın 20-də Moskvada Kollektiv Təhlükəsizlik Haqqında Müqavilənin (KTM) iştirakçısı olan dövlətlərin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin altıncı iclası keçirilmişdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan nümayəndələri, habelə müşahidəçi statusu olan 4 dövlətin - Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın təmsilçiləri iştirak etmişlər.
İclasda beynəlxalq təhlükəsizliyin aktual problemləri, habelə KTM-yə beynəlxalq təşkilat statusu verilməsi perspektivləri müzakirə olunmuşdur.
İraqda döyüş əməliyyatlarının başlanması ilə əlaqədar oradakı vəziyyət və müqavilə iştirakçılarının bu istiqamətdə mövqelərinin əlaqələndirilməsi məsələləri müzakirələr zamanı plana çəkilmişdi. KTM-ın fəaliyyətinin nizamlanmasına dair sənədlərin layihələri və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsi haqqında Əsasnamə nəzərdən keçirilmiş, Antiterror mərkəzinin və KTM-nın iştirakçı dövlətlərinin silahlı qüvvələri baş qərargahlarının rəisləri komitəsinin qarşılıqlı fəaliyyəti, antiterror əməliyyatlarında kollektiv çevik əməliyyat qüvvələrindən istifadə olunmasının mümkünlüyü məsələləri də müzakirə edilmişdir.
İclasa sədrlik edən Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo bildirmişdir ki, MDB dövlətlərinin bütün sahələrdə, o cümlədən milli və beynəlxalq təhlükəsizliyin təminatı sahəsində əməkdaşlıq imkanları heç də tükənməmişdir. Onun sözlərinə görə, komitə fəaliyyət göstərdiyi dövr ərzində regional təhlükəsizliyin təmin olunması sahəsində layiqli yer tutmuşdur.
İclasın yekunlarına dair müvafiq sənədlər qəbul edilmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva