MOSKVADA ƏFSANƏVİ NEFTÇİ FƏRMAN SALMANOVUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
Tanınmış həmyerlimizin yubileyi “Prezident–hotel”də keçirilmişdir. Tədbir Rusiyanın yanacaq-energetika kompleksinə həsr olunmuş elmi-praktik konfransla açılmışdır. Onun işində Rusiyanın tanınmış neftçiləri, o cümlədən digər həmvətənimiz Nikolay Baybakov, F.Salmanovun Qərbi Sibirdəki həmkarları və silahdaşları, Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev yubilyara təbrik məktubu göndərmişdir. Məktubu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu oxumuş, dövlətimizin başçısı adından Fərman Salmanova hədiyyə təqdim etmişdir. Məktubda deyilir: “Siz, neftçilərin bir çox nəsilləri üçün Qərbi Sibirin olduqca zəngin neft ehtiyatlarının işlənilməsində bütöv bir dövrü təcəssüm etdirən insansınız... Sizə məxsus intuisiya və məqsədyönlülük regionda böyük neft yataqları tapmağa imkan verdi, hərçənd bəzi şəkkaklər iddia edirdilər ki, burada iri neft ehtiyatları yoxdur... Hazırda Rusiyanın müasir neft-qaz kompleksinin bazasını məhz həmin neft və qaz yataqları təşkil edir ki, onların da kəşfinə siz ömrünüzün 30 ilindən çoxunu həsr etmisiniz. Sizin təkcə böyük elmi nailiyyətləriniz deyil, həm də keçmiş Sovet İttifaqının neft sənayesinin rəhbərlərindən biri kimi fəaliyyətiniz yüksək mükafatlara layiq görülmüşdür. Bakının neft akademiyası kimi şöhrəti məhz sizin tək nadir şəxsiyyətlərin səyləri sayəsində artmışdır”.
Fərman Salmanovun alim, praktik və təşkilatçı kimi fəaliyyətini yüksək qiymətləndirən Rusiya Prezidenti Vladimir Putin də yubilyara təbrik məktubu göndərmişdir.
Rusiya Neft Sənayeçiləri İttifaqı, “İTERA” qaz şirkəti, “Zemlyaçestvo” ictimai təşkilatının Ümumrusiya Azərbaycan Konqresinin köməyi ilə təşkil etdikləri təntənəli yubiley gecəsində görkəmli neftçini Rusiya ictimaiyyətinin və Azərbaycan diasporunun tanınmış nümayəndələri də təbrik etmişlər.
Yubilyar xoş arzularına və çoxillik fəaliyyətinə verdikləri yüksək qiymətə görə Azərbaycan və Rusiya prezidentlərinə, onun ünvanına deyilən səmimi sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.