MOSKVADA ƏMƏK MİQRANTLARI ÜÇÜN İLK VAKANSİYALAR YARMARKASI KEÇİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 16-da Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyəti (“Azərros” FMMM) binasında əmək miqrantları üçün ilk vakansiyalar yarmarkası keçirilmişdir. Yarmarkanı “Azərros” FMMM, Moskva şəhəri Dinlərarası Əlaqələr və Milli Siyasət Komitəsi (DƏMSK) və “Regionlararası İnformasiya - İşgüzar Mərkəz” Dövlət Müəssisəsi təşkil etmişlər. Tədbir DƏMSK, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və “Azərros” FMMM arasında imzalanmış sosial tərəfdaşlıq haqqında üçtərəfli müqavilə çərçivəsində həyata keçirilir.
“Azərros” FMMM-in başçısı Söyün Sadıqov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Moskvadakı həmvətənlərimizi işlə təmin etmək məqsədi ilə sözügedən qurumlarla sıx əməkdaşlıq çərçivəsində birgə aksiya keçirmək qərara alınmışdır. Bu və ya digər səbəbdən iş tapa bilməyən digər ölkələrin miqrantları da yarmarkada iştirak edə bilərlər. S.Sadıqov xüsusi vurğulamışdır ki, bu zaman Moskvada qanuni yaşayan, işləməyə icazəsi olan, lakin iş tapa bilməyən leqal miqrantlar nəzərdə tutulur. İşaxtaranlar hər bir miqrantla bağlı məsləhətləşmələr aparan işəgötürənlərin çoxsaylı təklifləri arasında seçim etmək imkanı qazanırlar. Hüquq məsləhətinə ehtiyacı olanlar elə yarmarkadaca “Müdafiə” mərkəzinin və Moskva Şəhəri Məşğulluq Xidmətinin əməkdaşlarına müraciət edib, Rusiya əmək qanunvericiliyinin müxtəlif maddələri barədə ətraflı məlumat alırlar.
Paytaxtın hakimiyyət orqanları yarmarkaya təcrübəli əcnəbi işçi qüvvəsinə ehtiyacı olan istehsal və xidmət sahələrindən 20-dək işəgötürən dəvət etmişlər. “Azərros” isə potensial işaxtaranların diqqətini yarmarkaya cəlb etmək üçün reklam kampaniyası keçirmişdir.