MOSKVADA KAYAK VƏ KANOE ÜZRƏ DÜNYA BİRİNCİLİYİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLMİŞDİR
Moskva, 31 iyul (AZƏRTAC). Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, Rusiyanın paytaxtı Moskvada “Krılatskoye” avarçəkmə kanalında yeniyetmələr arasında kayak və kanoe qayıqlarında avarçəkmə üzrə dünya birinciliyinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Rusiyanın gənclər, idman və turizm nazirinin müavini Gennadi Alyoşin, Moskva merinin müavini Sergey Baydakov, Beynəlxalq Kanoe Federasiyasının (İCF) birinci vitse-prezidenti İştvan Vaşkuti, İCF-in fəxri prezidenti Ulrix Feldhoff, eləcə də Rusiyanın Kayak və Kanoe Federasiyasının prezidenti Yevgeni Arxipov çıxış etmişlər.
Onlar 1980-ci il Moskva Yay Olimpiya Oyunlarından sonra Rusiya paytaxtında ilk dəfə belə nüfuzlu yarışın keçirildiyini xatırladaraq, iştirakçılara uğurlar arzulamışlar. Sonra qitə birinciliyinə qatılan 55 ölkənin nümayəndələri tamaşaçılar qarşısına çıxmışlar. Onların arasında ilk dəfə belə nüfuzlu yarışda qüvvəsini sınayacaq Azərbaycan idmançısı da olmuşdur. Ölkəmizin bayrağını kayakçımız Rüfət Vəlizadə daşımışdır.
Rəsmi hissədən sonra tədbir maraqlı bədii proqramla davam etdirilmişdir. Yarışlara iyulun 31-də start verilmişdir. Üç gün davam edəcək dünya birinciliyində ölkəmizi 1 nəfərlik kanoe qayığında Andrey Kraytor, 1 nəfərlik kayak qayığında Rüfət Vəlizadə, 2 nəfərlik kayak qayığında isə Rüfət Vəlizadə və Mirnazim Cavadov dueti təmsil edəcəkdir. Bu yarış həm də 2010-cu ildə Sinqapurda keçiriləcək yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaqdır. Kanoeçimiz Andrey Kraytor Avropa ölkələri arasında ilk 5-liyə, kayakçımız Rüfət Vəlizadə isə qitənin 8 ən güclüsü arasına düşəcəyi halda Sinqapur olimpiadasına vəsiqə əldə edəcəklər.
######
