MOSKVADA LÜTFİYAR İMANOVUN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Gecəni Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Asya Sultanova açaraq, L.İmanovun maraqlı yaradıcılıq yolundan, yerli və xarici səhnələrdə unudulmaz uğurlarından danışmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtilə Lütfiyar İmanovun sənətini yüksək qiymətləndirdiyini, müğəninin milli opera sənətinin inkişafına böyük töhfə verdiyini söyləmişdir.
Yaradıcılıq gecəsində çıxış edən Moskva merinin müşaviri, Moskva hökuməti yanında Beynəlxalq Həmvətənlər Şurasının icraçı direktoru V.Skripnik Moskva merinin birinci müavini Lyudmila Şvetsovanın təbrik məktubunu oxumuşdur. Məktubda deyilir ki, Lütfiyar İmanovun 60 illik yaradıcılıq fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinə deyil, həm də Rusiya mədəniyyətinə xidmətin nümunəsidir.
Gecənin konsert proqramına klassik musiqi əsərləri, italyan operalarından ariyalar, rus romansları daxil edilmişdi. Lütfiyar İmanovun ifasında Üzeyir Hacıbəyovun ölməz “Koroğlu”, “Arşın mal alan” əsərlərindən ariyalar, Çaykovskinin “Qaratoxmaq qadın” operasından Germanın ariyası, C.Verdinin “Otello” operasından Otellonun monoloqu səslənmişdir. Yubilyar Azərbaycan vokal məktəbinin nümayəndələri ilə birgə “Moskva gecələri” mahnısını və bir sıra digər musiqi əsərlərini ifa etmişdir.
Axırda Rusiyanın tanınmış incəsənət xadimləri, Mərkəzi İncəsənət İşçiləri Evi idarə heyətinin üzvləri Lütfiyar İmanovu 75 illik yubileyi münasibətilə təbrik etmişlər.
Gecədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin və Moskvadakı Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər.