MOSKVADA MDB İQTİSADİ ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
İclasda Azərbaycan Respublikasını Baş nazirin birinci müavini Abbas Abbasov təmsil etmişdir.
MDB İcraiyyə Komitəsinin sədri, icraçı katibi Vladimir Ruşaylo İqtisadi Şuranın iclasında bildirmişdir ki, əlverişli sərmayə mühitinin yaradılması, Birlik ölkələrinin iqtisadi inkişafına və onların daha dərin inteqrasiyasına kömək edəcək azad ticarət zonasının, nəqliyyat məkanının və digər mexanizmlərin yaradılması prosesinin fəallaşdırılması MDB-nin öncül vəzifələrindən olmalıdır.
MDB dövlət başçılarının sentyabrın 15-16-da Astanada olacaq görüşü ərəfəsində keçirilən iclasda MDB İqtisadi Şurası qərarlarının yerinə yetirilməsinin gedişi, MDB ölkələrinin vahid büdcəsi, lizinq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması, hərbi-texniki əməkdaşlıq məsələləri, habelə Birlik ölkələrinin ticarət-iqtisadi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.
MDB İcraiyyə Komitəsi MDB maliyyə şurasının, lizinq şirkətinin yaradılması və beləliklə, kommersiya təşkilatlarının çoxşaxəli strukturlarının yaradılması məsələlərində qarşılıqlı anlaşmaya nail olmaq məqsədi ilə 2005-ci ilin əvvəllərində “Sərmayələr və yeniliklər” adlı irimiqyaslı sərmayə forumu keçirməyi nəzərdə tutmuşdur.