MOSKVADA NİZAMİ SƏFƏROVUN “BEYNƏLXALQ CİNAYƏT HÜQUQUNDA EKSTRADİSİYA” KİTABI ÇAPDAN ÇIXMIŞDIR
Azərbaycan hüquqşünasının və beynəlxalq cinayət hüququ üzrə ekspertinin əsəri ilk dəfədir dünyanın ən böyük nəşriyyatlarından biri olan “Volters Kluver”də işıq üzü görmüşdür. Nəşriyyatın Rusiyadakı törəmə müəssisəsi beynəlxalq informasiya xidmətlərinin liderləri arasındadır. Müəssisə elmi əsərlərin, qanunvericiliyə və məhkəmə praktikasına dair şərhlərin, peşəkar hüquqşünaslar üçün praktiki vəsaitlərin nəşrində ixtisaslaşır.
“Beynəlxalq cinayət hüququnda ekstradisiya: nəzəriyyə və praktika problemləri” kitabı ekstradisiyanın ən yeni inkişaf meyilləri nəzərə alınmaqla, onun nəzəri və praktik problemlərinin təhlilinə həsr olunmuşdur. Ekstradisiya prosesində insan hüquqlarının gözlənilməsi ilə, beynəlxalq praktikada tətbiq olunan əməkdaşlıq prosedurlarının məhdudlaşdırılması və beynəlxalq cinayət tribunalları ilə qarşılıqlı fəaliyyət üçün istifadə edilən prosedurlarla, ekstradisiyanın mahiyyəti, rolu və əhəmiyyəti ilə bağlı məsələlər ilk dəfədir monoqrafiya səviyyəsində kompleks şəkildə işıqlandırılır. Müəllif ekstradisiya təsisatının təkmilləşdirilməsinə yönəldilmiş bir sıra təkliflər irəli sürür. Kitab beynəlxalqçı hüquq, cinayət hüququ üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Hüquq elmləri doktoru, BMT-nin Narkotik Vasitələrə və Cinayətkarlığa Nəzarət İdarəsi terrorizmin qarşısının alınması bölməsinin eksperti, Beynəlxalq Cinayət Məhkəməsinin Problemləri üzrə “Teramo” beynəlxalq tədqiqat qrupunun iştirakçısı Nizami Səfərov beynəlxalq cinayət hüququnun müxtəlif problemlərinə həsr olunmuş 30-dan çox əsərin müəllifidir, Azərbaycan və xarici ölkə universitetlərində beynəlxalq cinayət hüququndan mühazirələr oxuyur.
N.Səfərovun əsərinin rəyçiləri Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor A.Kolodkin, Moskva Dövlət Universitetinin cinayət hüququ və kriminologiya kafedrasının professoru, hüquq elmləri doktoru Y.Tkaçevski, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Avropa Hüququ İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor M.Entindir.