SİYASƏT
Moskvada OANA İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib VİDEO
Moskva, 15 sentyabr, AZƏRTAC
Moskvada Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iştirak edib.
Tədbir iştirakçıları OANA-nın 19-cu Baş Assambleyasının gələn il yayın əvvəlində Moskvada keçirilməsi barədə qərar qəbul ediblər. Təşkilatçı qismində TASS İnformasiya Agentliyi çıxış edəcək ki, o da növbəti dörd il ərzində təşkilatın prezidenti olacaq.
OANA İcraiyyə Komitəsinin növbəti iclası 2025-ci ilin fevralında Malayziyada bu ölkənin BERNAMA İnformasiya Agentliyinin təşkilati dəstəyi ilə keçiriləcək.
Təşkilatın üzvləri “Redaksiyaların işində etik standartlar” və “Media sənayesində süni intellektin tətbiqinin etik aspektləri” mövzularında panel sessiyalarında da iştirak ediblər.
Qeyd edək ki, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı 1961-ci ildə təsis edilib. Hazırda OANA 35 ölkədən 40-dan çox informasiya agentliyini özündə birləşdirir. AZƏRTAC 2004-cü ildən OANA-nın üzvüdür.