Moskvada Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı “dəyirmi masa” keçirilmişdir
Moskva, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Moskvada “1992-ci ilin Xocalı hadisələrinin hüquqi aspektləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə alimlər, hüquqşünaslar, politoloqlar, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri, diplomatlar iştirak etmişlər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “dəyirmi masa”nın mövzusu, məqsəd və vəzifələri barədə məlumat vermiş, belə cinayətlərin təkrarlanmaması üçün Xocalı faciəsinə hüquqi qiymət verilməsinin vacibliyini qeyd etmişdir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı. Bir şəhərin faciəsi” sənədli filminin nümayişi olmuşdur.
Filmdən sonra Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti oxunmuşdur.
Daha sonra müzakirələr olmuşdur. Bildirilmişdir ki, Xocalı soyqırımına xarici ölkələrdə siyasi qiymət verilməsi üçün təbliğat işinin təşkilində Azərbaycan diasporu fəaliyyətini gücləndirməlidir. Bunun üçün diasporun hər bir üzvü səylə çalışmalıdır.
“Dəyirmi masa”da İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyəti xüsusi vurğulanmışdır.
Çıxışlarda, həmçinin qeyd edilmişdir ki, Meksika və Pakistan parlamentləri Xocalı soyqırımını tanımışlar. Belə bir qərarın Rusiya Dövlət Dumasında qəbul edilməsi üçün diasporumuz səylərini artırmalıdır.
“Dəyirmi masa”da bildirilmişdir ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün müntəzəm iş aparılmalıdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva