Müəllim: Buraxılış imtahanlarının qiymətləndirilməsi prosesində ədalətli nəticə əldə olunması üçün çalışırıq
Bakı, 8 aprel, AZƏRTAC
Hazırda 11-ci sinif buraxılış imtahanlarının qiymətləndirilməsi mərhələsindəyik. Qiymətləndirmə prosesi iki müəllim tərəfindən aparılır və əgər cavablar arasında hər hansı uyğunsuzluq yaranarsa, həmin iş üçüncü müəllimə yönləndirilir. Bu yanaşma bizə tam dəqiqliklə və ədalətlə qiymətləndirmə imkanı verir.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində qiymətləndirmədə iştirak edən müəllim Güldəstə Novruzova söyləyib.
O qeyd edib ki, əsas məqsəd heç bir şagirdin cavabının qeyri-dəqiq və natamam qiymətləndirilməməsidir: “Qiymətləndirmə zamanı qarşılaşdığımız əsas çətinliklərdən biri şagirdlərin mexaniki səhvləridir. Belə hallarda şagird bütün misalı səhv hesablaya bilər, lakin onun mövzu üzrə anlayışının və məntiqinin olduğunu cavabında hiss etmək olur. Bu zaman düzgün qiymətləndirmə aparmaq üçün əlavə diqqət və həssas yanaşma tələb olunur”.
“Ən çox çətinlik çəkdiyimiz mövzulardan biri də elə bu münasibətlərin qiymətləndirilməsidir. Çünki burada yalnız nəticəyə deyil, həm də şagirdin yanaşmasına, istifadə etdiyi üsula və ümumi biliyinə nəzər salmaq lazımdır. Qiymətləndirmə komandası olaraq çalışırıq ki, hər bir şagirdin əməyinə dəyər verilsin və ədalətli nəticə əldə olunsun”, - deyə müəllim əlavə edib.