Müəssisə və təşkilatların zərərli təsirlərini öyrənmək üçün Xəzər dənizindən su nümunələri götürülüb
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) ilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.
SİMDNX-dən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəriciləri yerində yoxlanılıb.
Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
Analizlərin nəticələrinə və təhlillərə əsasən suyun fiziki-kimyəvi göstəriciləri, çirklənmə səviyyəsi və ekoloji vəziyyəti qiymətləndiriləcək və nöqsanlar aşkar ediləcəyi təqdirdə təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.