Müəssisələrdə və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi diqqətdə saxlanılır
Babək, 6 fevral, AZƏRTAC
Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin təşkilatçılığı ilə rayon Rabitə İdarəsində müəssisələrdə və yaşayış yerlərində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl edilməsi məsələlərinə həsr olunmuş maarifləndirici tədbirdə əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Azər Zeynalov müəssisələrdə və yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydaları, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib. Məruzəçi dəm qazı, dəm qazının yaranma səbəbləri və dəm qazından zəhərlənmə zamanı davranış qaydaları haqqında da ətraflı danışıb.
Sonda tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələri, onlardan istifadə qaydaları əyani olaraq göstərilib, suallar cavablandırılıb.