MƏDƏNİYYƏT
“Muğam televiziya müsabiqəsi–2013” yaddaqalan final yarışması ilə başa çatmışdır
![](/files/galleryphoto/2013/3/1200x630/14079269365880111026_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269363961053962_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269363163232736_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926936947912080_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926936140933381_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269363181948933_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269373655649442_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Azərbaycan televiziya və radio günüdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam televiziya müsabiqəsi-2013”ün final mərhələsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə akademik Ziyad Səmədzadə və Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Mili Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov çıxış edərək Azərbaycan televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açmışlar.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da fəaliyyətə başlamışdır. Azərbaycan Televiziyası yaranandan sonra bu tarix teleradio günü kimi qeyd edilir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş vermişdir. Azərbaycan televiziyasının auditoriyası çox genişdir. Bu gün onun verilişlərini peyk vasitəsilə dünyanın hər yerində izləmək mümkündür.
Bildirilmişdir ki, bu gün bayram-bayrama qovuşmuşdur. Belə bir gündə iki mühüm hadisənin qeyd olunması təqdirəlayiqdir.
Tədbirdə Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olmuşdur.
Vurğulanmışdır ki, Azərbaycan muğamı professional musiqi mədəniyyətimizin mühüm qolunu təşkil edir. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan UNESCO 2003-cü ildə onu bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərlərindən biri elan etmişdir.
Bir daha diqqətə çatdırılmışdır ki, cari il avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində “Muğam televiziya müsabiqəsi-2013”ün startı verilmişdir. Müsabiqənin Azərbaycan Televiziyası və Radiosu, eləcə də “Mədəniyyət” kanalı ilə canlı yayımlanması isə muğamsevərlər üçün əsl ərməğan olmuşdur.
Bildirilmişdir ki, bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir. Ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə almış, onlardan isə 21-i Bakı səhnəsində çıxış etmək hüququ qazanmışdır. Artıq bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi peşəkarlardan ibarətdir.
Müsabiqənin münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, Əməkdar İncəsənət Xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və Əməkdar İncəsənət Xadimi, müsabiqənin təşkilat rəhbəri Nadir Axundov iştirakçılara təqdim olunduqdan sonra söz muğama verilmişdir.
Sonra “Muğam” instrumental ansamblının müşayiət ilə müsabiqənin final mərhələsinə çıxmış gənc ifaçılar Xətai Hacıyev, Gülnar Qüdrətli, Babək Quliyev, Ramiq Bayramov, Zümrüd Məmmədova, Sərxan Bünyadzadə və Mirpaşa Şükürov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan vermişlər. Onların bir-birindən gözəl ifaları tamaşaçıları heyran qoymuşdur.
Gecədə obyektiv səbəblərdən müsabiqənin Naxçıvanda keçirilən növbəti mərhələsində iştirak edə bilməyən Murad Əbduləzimov və Ayşən Mehdiyevanın da ifaları dinlənilmişdir.
Sonra münsiflər heyəti səhnəyə dəvət olunmuş, müsabiqənin qaliblərinin adları elan edilmiş və mükafatlandırma mərasimi keçirilmişdir.
Müsabiqə iştirakçılarının 14 nəfərinə diplomlar təqdim edilmişdir.
İştirakçılardan Murad Əbduləzimov və Ayşən Mehdiyeva “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülmüş və onlara üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunmuşdur.
Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Sərxan Bünyadzadə birinci, Xətai Hacıyev, Zümrüd Məmmədova ikinci, Ramiq Bayramov, Gülnar Qüdrətli və Babək Quliyev isə üçüncü yerləri tutmuşlar.
“Muğam televiziya müsabiqəsi - 2013”ün 12 yaşlı iştirakçısı Mirpaşa Şükürov yarışmanın ən yüksək mükafatına - “Qran-pri”ə layiq görülmüşdür.
Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi olan qiymətli xatirə hədiyyələri təqdim olunmuşdur.
Münsiflər heyəti adından Xalq Artisti Əlibaba Məmmədov çıxış edərək teleradio işçilərini təbrik etmiş, onlara uğurlar arzulamışdır.
Bildirmişdir ki, bu müsabiqə təkcə musiqi yarışması deyildir. Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifaçılar gətirmişdir.
Xalq artisti xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva muğamlarımıza yeni həyat vermiş və onun inkişafına, təbliğinə hər zaman yardımçı olmuşlar.
Sonda qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa etmişlər.