CƏMİYYƏT
“Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi uğurla həyata keçirilir
Bakı, 28 iyun, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyasının təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB, Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyinin tərəfdaşlığı ilə “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi uğurla həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam, Bərdə və Tərtər rayonlarında rayon İcra Hakimiyyətlərinin təşkilati dəstəyi ilə şəhid ailələri, müharibə əlilləri, veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüşlər keçirildi.
Tədbirlər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
“Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə tədbirdə layihənin məqsədi barədə məlumat verib. Daha sonra layihənin eksperti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyin sədri Emin Həsənli dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara xüsusi yüksək həssaslıqla yanaşdığını vurğulayaraq şəhid olan hərbi qulluqçularımızın ailələrinə, müharibə əlili və veteranlarına dövlətimiz tərəfindən heç bir fərq qoyulmadığını ifadə edib. Natiq ölkəmizin bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olduğunu, birbaşa Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verildiyini və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. Bildirib ki, bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı, onların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi bu kateqoriyadan olan vətəndaşlarımızın daim diqqətdə saxlanıldığının bariz göstəricisidir.
Layihənin sosialoqu, ehtiyatda olan kapitan, ikinci Qarabağ müharibəsi iştirakçısı Taleh Əliyev çıxışında dövlətin şəhid ailələrinə, qazilərə diqqət və qayğısını hər zaman yüksək səviyyədə olduğunu nəzərə çatdırıb.
Tədbirlərdə digər çıxış edənlər şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının problemlərinin həll edilməsinin cəmiyyətimizdə vətənpərvərlik hissinin güclənməsinə, dövlətimizə inamın artırılmasına xidmət etdiyini vurğulayıblar.