SİYASƏT
Murmansk regional telekanalı ilə həmvətənimiz haqqında süjet göstərilmişdir
Bakı, 15 yanvar (AZƏRTAC). Bu günlərdə Murmanskın “QTRK-Murman” (Murmansk Dövlət Televiziya və Radio Verilişləri Şirkəti) regional televiziya kanalı ilə “Vesti-Murman” verilişinin səhər və axşam buraxılışlarında həmvətənimiz Ruslan Qasımov haqqında süjet göstərilmişdir.
Murmanskın Azərbaycan diasporunun nümayəndəsi, “Ruslan Qasımovun ustad dərsi” adlı süjetin müəllifi, “QTRK-Murman” şirkətinin xüsusi müxbiri Snejana İvannikova AZƏRTAC-a bildirmişdir ki, sambo üzrə dünya çempionu, Pekin Olimpiadasının iştirakçısı, Əməkdar İdman Ustası Ruslan Qasımov Murmansk polis işçiləri üçün ustad dərsi keçirmişdir. Daxili İşlər Nazirliyinin Murmansk vilayət idarəsinin Peşə hazırlığı mərkəzində belə səviyyəli idmançını ilk dəfə qəbul etmişlər. Ölkənin bütün şimal-qərb idmançılarının iştirakı ilə keçiriləcək yarışlar ərəfəsində çempionla ünsiyyət murmansklılar üçün böyük uğurdur. Şəhərin polis idmançılarını qarşıda Rusiya birinciliyi gözləyir. Samboçular və cüdoçular idman ustasına çoxlu suallar vermişlər. Suallar əsasən fənd texnikasına aid olmuşdur. Toplaşanlar idmanda təzə olmasalar da, çempionun məsləhətləri həmişə onların köməyinə gələ bilər.
Qeyd etmək lazımdır ki, bu, “QTRK-Murman” şirkətinin həmvətənlərimiz haqqında ilk materialı deyildir.
Onu da qeyd edək ki, həmyerlimiz, Rusiya Federasiyasının Şimal-Qərb Federal Mahalının Cüdo Federasiyasının prezidenti Ruslan Qasımov sambo üzrə Rusiya, Avropa və dünya çempionudur, Rusiya Kubokunun sahibidir.