Murmanskda Azərbaycanın Xalq Şairi Xəlil Rza Ulutürkün 80 illiyi qeyd edilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayət bölməsində XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq Şairi, fəlsəfə elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Murmansk vilayəti İctimai Palatasının üzvü Afil Hüseynov tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 4 iyun tarixli Sərəncamı dövlətin şairin yaradıcılığını yüksək qiymətləndirdiyinə dəlalət edir. Natiq ölkədə müvafiq tədbirlərin təşkil edildiyini diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xəlil Rza Ulutürkün yaradıcılığını həmişə yüksək qiymətləndirmiş, onu “İstiqlal” ordeni ilə təltif etmişdir.
Afil Hüseynov Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından söz açmışdır.
Yaqub Şükürov, Amil Vəliyev, Xaləddin Cəfərov, Namiq Hüseynov, Şəmşir Şükürov və Azərbaycan diasporunun digər üzvləri müasir Azərbaycan ədəbiyyatının inkişafında Xəlil Rza Ulutürk poeziyasının rolundan danışmışlar.
1990-cı ilin 20 yanvar hadisələri, Lefortovo həbsxanası və sonrakı hadisələr şairin səhhətini pozmuşdur. 1993-cü ildə Türkiyədə onun ürəyində əməliyyat aparılır. Əməliyyatdan sonra Bakıya qayıdan Xəlil Rza yenə də özünü pis hiss edir və xəstəxanaya çatdırılır. Bu dəfə həkimlərin məsləhəti ilə müalicə üçün Almaniyaya gedir. Almaniyadan qayıtdıqdan sonra Xəlil Rza döyüş zonalarına səfərlərini davam etdirir.
1994-cü ildə Heydər Əliyevin Fransaya rəsmi səfəri zamanı Xəlil Rza Ulutürk onu müşayiət edən nümayəndə heyətinə daxil edilmişdir. Şair Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Özündən sonra böyük ədəbi irs qoyub gedən Xəlil Rza azadlıq, doğma torpağa, Vətənə məhəbbət mövzusunda çoxlu şeirlər yazmışdır. O, azadlıq haqqında şeirlərinin birində yazırdı: “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram! Azadlığı istəmirəm bir həb kimi, dərman kimi. İstəyirəm Səma kimi! Günəş kimi! Cahan kimi!”
Yubiley tədbirində Murmansk vilayəti İctimai Palatasının üzvləri, müxtəlif milli diasporların nümayəndələri, jurnalistlər və ictimai xadimlər iştirak edirdilər.
“Xəlil Rzanın kitabları” adlı sərgidə şairin xanımı Firəngiz Ulutürkün Murmansklı həmvətənlərimizə hədiyyə etdiyi kitablar nümayiş etdirilmişdir.
Tədbirdə azadlıq carçısı olan şairin şeirləri səslənmişdir