MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN BANİSİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Tədbirdən əvvəl rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 1993-cü ilin iyununda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin vətəndaş müharibəsi, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsində dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən, yürütdüyü müdrik daxili və xarici siyasətdən ətraflı danışmışdır. Ulu öndərin ölkəmizin hərtərəfli inkişafına nail olduğu, müstəqilliyimizin əbədiliyini təmin etdiyi, Azərbaycanı dünyaya tanıtdığı diqqətə çarpdırılmışdır. Natiq ümummilli lider Heydər Əiyevin ölkəmizin inkişafı üçün müəyyənləşdirdiyi strateji xəttin böyük həyati əhəmiyyətini, Prezident İlham Əliyevin ulu öndərin siyasətini dönmədən həyata keçirdiyini vurğulamışdır.
Tədbirdə 77 nömrəli orta məktəbin direktoru Səmayə Eynullayeva, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP rayon təşkilatının sədri Təhmuraz Tağıyev və başqaları Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, onun xilaskarlıq missiyasından söz açmış, müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu qeyd etmiş, qədirbilən xalqımızı Prezident İlham Əliyev ətrafında daha sıx birləşməyə çağırmışlar.
Mərasimdə dahi siyasi və dövlət xadiminin zəngin ömür yoluna həsr olunmuş film göstərilmiş, bədii kompozisiya təqdim edilmişdir.