Mütəxəssis: Oruc tutmağın sağlam insan orqanizminə heç bir ziyanı yoxdur
Bakı, 11 aprel, AZƏRTAC
Oruc tutmaq, ibadət etmək insanın xeyrinə olan bir əməldir. İslamın əsas şərtlərindən biri olan orucun insan orqanizminə heç bir ziyanı yoxdur. Təbii ki, burada söhbət sağlam orqanizmdən gedir.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri, həkim-terapevt Hüseyn Hüseynov deyib.
Terapevt sağlam insanlar üçün oruc tutmağın bir çox faydasının olduğunu deyib: “Oruc tutmaq insan orqanizminin yenilənməsində böyük əhəmiyyət kəsb edir. Hüceyrələr müəyyən qədər yenilənir, bir çox xəstəliklərin yaranmasının qarşısı alınır. Bir ay müddətində qida rejiminin dəyişməsi fasiləsiz işləyən mədə ilə bərabər, həzm sisteminin və digər orqanların dincəlməsinə kömək edir.
Oruc tutmaq böyrəklər, bağırsaqlar, öd kisəsi üçün çox faydalıdır. Zehni qabiliyyəti gücləndirir, dərini təravətləndirir, orqanizmin stres və çətin şəraitə qarşı dözümlülüyünə, immun sisteminin möhkəmlənməsinə zəmin yaradır”.
Həkim-terapevtin sözlərinə görə, tədqiqatlar göstərir ki, oruc tutmaq şəkərli diabet (2-ci tip), ürək xəstəlikləri, mədə-bağırsaq xəstəliyi və hətta xərçəng xəstəliyinin qarşısını alır: “Təbii ki, oruc tutan vaxt qida rasionuna fikir vermək lazımdır. İmsak və iftar zamanı düzgün qidalanmaq vacibdir”.
H.Hüseynov yaşlı şəxslər, yetkinlik yaşına çatmayanlar, uşaqlar, hamilə qadınlar, süd verən analar, uzaq səfərə çıxanlar, çox ağır şəraitdə çalışanlar, şəkərli diabet, ürək-damar sistemi xəstələri, yüksək və aşağı təzyiqli insanlar, gün ərzində məcburən xəstəliklə bağlı dərman qəbul edənlər, qaraciyər və öd kisəsində ciddi problemi olanlar, mədə xorası xəstəliyindən və onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərin oruc tutmağını məsləhət etmir.