Mütəxəssis: Qarabağ bölgəsində çaylarda balıqçılığı inkişaf etdirmək çox məqsədəuyğundur
Bakı, 20 oktyabr, AZƏRTAC
Balıqların reintroduksiyası neçə illərdir ölkə ərazisində davam edir. Lakin əsas reintroduksiyaya Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki su hövzələrinin ehtiyacı var. Erməni vandalizminin izlərini işğal altında olmuş bölgələrin ekoloji vəziyyətindən aydın şəkildə görmək olar.
Bunu AZƏRTAC-a müsahibəsində Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov deyib.
“Son iki ildə işğaldan azad olunan ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müştərək iş aparılır. Məqsədimiz balıqları bu bölgədəki uyğun çaylara buraxmaq və həmin çayları zənginləşdirməkdir. Bu səbəbdən Zəngilanda yerləşən Oxçuçaya yenidən getməyi planlaşdırırıq. Oxçuçayın suyu bölgədə olan digər çaylara nisbətən daha çirklidir. Balıqların reintroduksiyası üçün isə daha məqsədyönlü su hövzəsi tapmaq lazımdır. Bu səbəbdən, özümüz gedib həmin çayın suyunun daha dəqiq tədqiqatını aparmaq istəyirik. Lakin buna baxmayaraq son iki ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə biz bir neçə balıq növünü həmin çaylara buraxmışıq. Eyni zamanda, balıqların reintroduksiyası üçün həyata keçirilən planlar davam edir. Tədqiqatların nəticəsi hansı çayların balıqlara daha uyğun olduğunu aşkar edəcək və balıqların reintroduksiyası zamanı həmin çaylara üstünlük veriləcək. Biz, eyni zamanda, azad olunan ərazilərdə balıqçılığı daha da inkişaf etdirməyi planlaşdırırıq. Azərbaycanın digər ərazilərindən fərqli olaraq Qarabağ bölgəsində yerləşən 10-a yaxın çayın suyu ilboyu qurumur. Bu səbəbdən həmin çaylarda balıqçılığı inkişaf etdirmək daha məqsədəuyğundur”.