Muxtar respublikada yeni yaşıllıq sahələri salınır
Naxçıvan, 10 mart, AZƏRTAC
Yeni yaşıllıqların salınması məqsədilə muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarında 2 hektar ərazidə tinglərin əkilməsi üçün hazırlıq işlərini yekunlaşdırıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əkinlərin mütəşəkkil və vaxtında aparılması üçün əraziyə texnikalar da cəlb olunub.
Yaz əkinləri zamanı ting əkinləri ilə yanaşı, toxumla əkin işləri də aparılacaq. Ümumilikdə, bu mövsümdə 260 hektardan artıq sahədə əkin aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni yaşıllıq zolaqları və meyvə bağları salmaq istəyən ailə təsərrüfatçılarına pulsuz meyvə və meşə tingləri də verilir. Gələcəkdə tingə olan tələbatın ödənilməsi məqsədilə bu il 2 hektar sahədə yeni toxumcarlıq sahəsi də yaradılacaq.