MƏDƏNİYYƏT
Muzeydə görkəmli bəstəkarın 80 illiyi qeyd olunmuşdur
![](/files/galleryphoto/2013/3/1200x630/14079269391465723282_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/14079269402417951521_1200x630.jpg)
Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, Xalq Artisti, professor Musa Mirzəyevin 80 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən danışmışdır. Bildirmişdir ki, yaradıcılığı ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilən Musa Mirzəyev bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şərəf” ordeninə layiq görülmüşdür.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə Musa Mirzəyevin bu yaradıcılıq təşkilatının ən fəal üzvlərindən biri olduğunu demişdir. Diqqətə çatdırılmışdır ki, insanlarla gözəl ünsiyyət qurmağı bacaran Musa Mirzəyevi hamı sevir. O, həmişə ən gözəl ifaçıları seçir və onları öz musiqisinə cəlb edə bilir. Daim yaradıcılıq axtarışlarında olan bəstəkarın üslubunda, əsərlərində biz hər zaman yeniliklər görürük. O, təkcə bəstəkar deyil, gözəl insan, təcrübəli pedaqoq və görkəmli aranjemançıdır. Musa Mirzəyevin əsərləri təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük maraqla qarşılanır.
Sonra “Musa Mirzəyev” monoqrafiyasının müəllifi, sənətşünaslıq namizədi, professor Şəhla Həsənova bəstəkarın həyat və yaradıcılığından danışmışdır. Onun çıxışı slayd-şou ilə müşayiət olunmuşdur.
Çıxış edənlər görkəmli bəstəkarın əsərlərinin sevilə-sevilə dinlənildiyini qeyd etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.
Tədbirdə Azərbaycan incəsənət ustaları tərəfindən bəstəkarın əsərləri səsləndirilmişdir. Onları fortepianoda Musa Mirzəyevin özü müşayiət etmişdir.