ELM VƏ TƏHSİL
“Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində ekskursiya
Bakı, 19 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi davam edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, muzeydə fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova layihə çərçivəsində muzeyin könüllülərinin Gəncə şəhərinə ekskursiyanı təşkil edib.
Gəncə Şəhər Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Rahib Hüseynov və Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin direktoru Cumalik Rəhimov klubun üzvləri ilə görüşüb.
Gənc muzeyşünaslar Nizami Gəncəvinin məqbərəsini və muzeyini ziyarət ediblər. Onlara ziyarətgah və muzey haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, S.Ələkbərova Gəncə şəhərinə ekskursiya zamanı muzey rəhbərlərinə Milli Azərbaycan Tarixi Muzeyi adından elmi nəşrləri təqdim edib və layihənin keçirilməsinə dəstək olan hər kəsə təşəkkürünü bildirib.