İDMAN
Namiq Abdullayev: Uğurlarımızda zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk
Bakı, 12 avqust, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin idmana diqqət və qayğısı nəticəsində neçə illərdir atletlərimiz mötəbər idman yarışlarında medallar qazanır, bayrağımızı yüksəklərə qaldırırlar. İdmançılarımız Tokio Olimpiadasında 7 medal qazandı. Bu uğurlarda zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, xüsusən də Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev, federasiya nümayəndələri bizə daim qayğı göstərib, dəstək veriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev avqustun 12-də Heydər Əliyev Beynəlxalq Aeroportunda güləş yığmamızın üzvlərinin qarşılanması mərasimində jurnalistlərə açıqlamasında deyib.
Pandemiya dövründəki məhdudiyyətlərlə əlaqədar idmançıların təlim-məşqlərlə bağlı çətinliklərlə üzləşdiklərini vurğulayan N.Abdullayev deyib: “İdmançılarımız qapalı şəraitdə məşq edə bilmirdilər, çətinliklər var idi. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət olundu. Bundan sonra bizə məşq üçün icazə verildi. Olimpiadaya lisenziya qazanan idmançılarımız beynəlxalq turnirlərə, lisenziya xarakterli yarışlara qapalı şəraitdə hazırlaşıblar”.
Tokioda qazanılan 7 medaldan 3-nün güləşin aktivinə yazıldığını deyən Olimpiya çempionu bunu indiki vəziyyətdə uğur adlandırıb: “Tarixi Zəfər qazandığımız Vətən müharibəsində iştirak edən idmançılarımız da var idi. Bu amillər də nəticəyə təsir etdi. Qazanılan medallara görə xalqımızı təbrik edirəm. Bu uğura bütün xalqımız sevinir”.