Naqif Həmzəyev: Dövlətimizin başçısının qətiyyəti hər birimizdə ruh yüksəkliyi yaradıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Bu gün işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda savaş gedir. Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun uğurları ilə davam edir. Hər gün cəbhədən sevindirici xəbərlər alırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, qələbələrimiz yalnız hərb meydanı ilə yekunlaşmır. Prezident, Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanı siyasi-diplomatik sahədə də məğlubiyyətə uğradır. Hər ötən gün düşmənin istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından imkanları tükənməkdədir. Ermənistanın təbliğat maşını nə qədər yalan informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusu düşməni darmadağın edərək irəliləyir.
Dövlətimizin başçısının qətiyyətli addımları, xalqa müraciətləri cəmiyyətimizdə, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq, qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb. Nəhayət, düşmən tapdağında olan torpaqlarımızı azad edəcəyik fikirləri, Prezidentimizin qətiyyətlə söylədiyi hər söz, hər kəlmə hər birimizi daxilən səfərbər edib.
“Biz bu gün xalqımızın və dövlətimizin yeni, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Ancaq uzun illər ərzində - 30 ilə yaxındır ki, erməni cəlladları torpaqlarımızı işğal edib, bizim bütün tarixi, dini, mədəni abidələrimizi darmadağın edib dağıdıblar”. Oktyabrın 4-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirlər hər zaman olduğu kimi, bu dəfə də dövlətimizin başçısının diplomatik bacarığının, qətiyyətli mövqeyinin, prinsipiallığının daha bir nümayişi oldu.
Ermənistan silahlı qüvvələrinin ölkəmizə işğalı ilə açılan 27 sentyabr səhərində Prezident İlham Əliyevin atdığı ilk addımlar - hərbi vəziyyət elan edilməsi haqqında fərman, xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışları Azərbaycan vətəndaşlarını bir neçə dəqiqədə bir yumruğa çevirdi.
Ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də yüksək əhval-ruhiyyə hökm sürür. Oktyabrın 4-də günorta saatlarında cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox əhalisi olan Gəncə şəhərinin erməni vandalları tərəfindən raket və artilleriyadan atəşə tutulmasına baxmayaraq, hər kəs inanır ki, bu Vətən müharibəsi qələbə ilə başa çatacaq.
Artıq geri çəkilmək kiminsə ağlının ucundan belə keçmir. Necə deyərlər, artıq ox yaydan çıxıb. Bu gün Azərbaycan xalqı sevinc içindədir. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur ki, ancaq irəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - Zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.