NARKOTİK MADDƏ ALVERÇİSİ “İŞ BAŞINDA” YAXALANMIŞDIR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, 26 yaşlı İlham Əliyev 0,256 heroini satarkən tutulmuşdur. Onun narkotik vasitəni rayonun Ərçivan kəndinin sakini Fəxrəddin Əliyevdən alması müəyyən edilmişdir. F.Əliyev tutulmuşdur.
Əzizbəyov Rayon Polis İdarəsi 2-ci bölməsinin əməkdaşları Səxavət Abışovdan 0,257 qram heroin və 0,61 qram marixuana, Binəqədi Rayon Polis İdarəsi 4-cü bölməsinin əməkdaşları Gülbala Əlipənahovdan 0,252 qram, Nərimanov Rayon Polis İdarəsi 16-cı bölməsinin əməkdaşları Vüqar Muradxanovdan 1,019 qram, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları Zakir Quliyevdən 0,229 qram heroin müsadirə etmişlər.
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Sura kənd sakini Əvəz Sadıqovun 0,1 hektar həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 145 kiloqram olan 14 ədəd çətənə kolu, evinə baxış zamanı isə 950 qram marixuana aşkar edilərək götürülmüşdür.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 30 sot sahədən yabanı halda bitmiş, çəkisi 800 kiloqram olan 400 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.