NARKOTİK QAÇAQMALÇILIĞI İLƏ MƏŞĞUL OLAN DAHA BİR MÜTƏŞƏKKİL DƏSTƏ ZƏRƏRSİZLƏŞDİRİLMİŞDİR
Bu il oktyabrın 6-da Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Qadir Əmiraslan oğlu Nəzərov və onun qardaşı Cəlilabad rayon sakini, 1969-cu il təvəllüdlü Maqsud Əmiraslan oğlu Nəzərov Bakı şəhəri ərazisində saxlanılmış, baxış zamanı onlara məxsus çantadan 19 kiloqrama yaxın narkotik vasitə olan həşiş aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, Qadir Nəzərov həmin narkotiki hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşına sifariş etmiş, qardaşı Maqsud Nəzərovu isə onu qəbul edib Bakıya gətirmək üçün Cəlilabad rayonuna göndərmişdir. Maqsud Nəzərov oktyabrın 4-dən 5-nə keçən gecə İran-Azərbaycan dövlət sərhədinin Cəlilabad rayonu istiqamətində qaçaq yolla gətirilmiş narkotiki şəxsiyyəti istintaqla müəyyənləşdirilən digər İran vətəndaşından qəbul edərək oktyabrın 6-da Bakıya qayıtmışdır. Elə həmin gün o, Qadir Nəzərovla görüşmüş və onlar birlikdə sonuncunun yaşadığı mənzilə daxil olarkən yaxalanmışlar.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılmış, Qadir və Maqsud Nəzərov qardaşları təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə bütün halların araşdırılması, hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.