NASA 31 milyon kilometr uzaqdakı kosmik dərinlikdən video axınını təmin edib
Bakı, 19 dekabr, AZƏRTAC
NASA-nın “Deep Space Optical Communications” proqramının iştirakçıları yeni rekorda imza atıblar. Astronomlar qrupu 19 milyon mil (31 milyon kilometr və ya Yer-Ay məsafəsindən təxminən 80 dəfə çox) uzaqlıqdan ultra yüksək dəqiqlikli axın videosu yayımlayıb. Bu mərhələ dərin kosmosdan çox yüksək bant genişliyi olan video və digər məlumatların ötürülməsinə yönəlmiş NASA texnologiya nümayişinin bir hissəsidir və Yerin orbitindən kənarda gələcək insan missiyalarına şərait yaradır.
AZƏRTAC NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, Agentliyin rəhbərinin müavini Pem Melroy yeni uğurla bağlı deyib: "Bu nailiyyət gələcəkdə məlumat ötürülməsi ehtiyaclarımızı ödəmək üçün əsas element kimi optik rabitəni inkişaf etdirmək öhdəliyimizi vurğulayır. Məlumat axınını artırmaq gələcək kəşfiyyat və elm məqsədlərimizə çatmaq üçün vacibdir və biz bu texnologiyanın davamlı inkişafını, habelə perspektiv planetlərarası missiyalar zamanı ünsiyyət üsulumuzun dəyişdirilməsini səbirsizliklə gözləyirik”.
Kosmik teleskop 15 saniyəlik sınaq videosunu uçuş lazer ötürücüsü adlanan qabaqcıl alət vasitəsilə ötürüb. Video siqnalın Yerə çatması 101 saniyə çəkib və sistemin maksimal sürəti saniyədə 267 meqabit (Mbps) olub. Yaxın infraqırmızı siqnalları göndərmək və qəbul etmək qabiliyyətinə malik olan cihaz endirildiyi Kaliforniyanın San Dieqo ərazisindəki “Caltech-in Palomar” rəsədxanasında yerləşən “Hale” teleskopuna kodlaşdırılmış infraqırmızı lazer şüası göndərib. Geri dönüş videosunun hər bir kadrı daha sonra NASA-nın Cənubi Kaliforniyadakı “Jet Propulsion” laboratoriyasına "canlı" ötürülüb və video real vaxt rejimində nümayiş etdirilib.