Naxçıvan Bölməsinin əməkdaşları və “Naxçıvan” Universitetinin kollektivi muzeyləri ziyarət ediblər
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşları Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki muzeyini ziyarət ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muzeydə əməkdaşlara mədəniyyət ocağı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeyin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb və ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 2002-ci il iyun ayının 18-də açılışı olub.
Qeyd olunub ki, digər mədəniyyət müəssisələri kimi dövlətin diqqət və qayğısı əhatəsində olan muzeydə hazırda 1300-ə yaxın eksponat mühafizə olunur, bunların da 61-i orijinal əsərlərdir. Burada Azərbaycan rəssamlıq sənətində öz dəsti-xətti olan Bəhruz Kəngərlinin şəxsiyyətini ziyarətçilərə yaxından tanıtdıran sənədlər, fotoşəkillər, nəsil fotoalbomu, istifadə etdiyi şəxsi və məişət əşyaları, o cümlədən müxtəlif illərdə işıq üzü görən kitab və monoqrafiyalar, albom-kataloq və digər eksponatlar nümayiş etdirilir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, estetik zövqünün formalaşmasında böyük rol oynayan mədəniyyət müəssisəsində realist sənətkarın yaradıcılığını hərtərəfli təbliğ etmək üçün tez-tez müxtəlif və rəngarəng tədbirlər həyata keçirilir.
Sonra bölmə əməkdaşları muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.
* * *
“Naxçıvan” Universitetinin kollektivi isə görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyini ziyarət edib. Muzeyin bələdçisi muzey haqqında universitet əməkdaşlarına ətraflı məlumat verib.
Qeyd olunub ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən “İblis” və 1934-cü ildə çapdan çıxan “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.
Bildirilib ki, Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi “Knyaz” əsərinin əlyazması da muzeydə nümayiş etdirilir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli əşyaların əksəriyyəti də Turan Cavidin hədiyyələridir.
Sonra qonaqlar muzeyin otaqları ilə tanış olublar. “Matəm otağı” adlanan otaq qonaqların daha çox marağına səbəb olub. Burada Hüseyn Cavidin Sibirdə olan məzarının tapılmasını əks etdirən fotolar və divardakı taxçada şairin Sibirdəki qəbrindən götürülmüş torpaq nümayiş olunur.