Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin tələbələri istehsalat təcrübəsini uğurla başa vurublar
Naxçıvan, 3 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin istehsalat təcrübəsinin yekun konfransı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev təcrübələrin yeni standartlar və tədris planları əsasında həyata keçirildiyini qeyd edib. Rektor təcrübi dərslərin keçilməsi üçün fakültənin bazasında mövcud olan laborator imkanlardan, müasir şəraitdən danışıb.
Tibb fakültəsinin nüfuzunun ildən-ilə artdığını bildirən Elbrus İsayev xarici ölkələrlə, xüsusən də qardaş Türkiyə ilə təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, hər il Tibb fakültəsinin müəllim-tələbə kollektivi Türkiyə Respublikasında təcrübədə olur və gələcək peşə təcrübəsində uğurlu nəticə əldə edirlər. Rektor fakültənin gələcək perspektivlərindən danışıb, tələbələri yaradılan şəraitdən bəhrələnməyi tövsiyə edib.
Universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva, Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov çıxış edərək tələbələrin istehsalat təcrübəsində qazandığı biliklərin və muxtar respublikanın xəstəxanalarında, universitet klinikasında, özəl stomatoloji klinikalarda keçilən təcrübi dərslərin onların ixtisaslı həkim kimi formalaşmasında xüsusi rola malik olduğunu vurğulayıblar. Çıxışlarda bildirilib ki, müvafiq tədris planına əsasən, fakültənin Müalicə işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq ixtisasında təhsil alan tələbələr müvafiq olaraq 2, 3 və 4 həftə müddətində təcrübə dərslərində iştirak ediblər. Təcrübələr ümumi qəbul edilmiş qaydalara uyğun olaraq hər ixtisas qrupu üçün fərqli sahələr üzrə həyata keçirilib.
Sonra istehsalat təcrübəsində olmuş qruplar üzrə tələbələrin hesabatları dinlənilib. Müvafiq ixtisaslar üzrə əməliyyat prosesi, müayinə, müalicə metodları ilə tanış olan tələbələr slaydlar vasitəsilə təqdimatlar ediblər.