Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 13 may, AZƏRTAC
Mayın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinin uğurlu olduğunu bildirib, Qulam İsakzaini ölkəmizdə yeni rezident nümayəndə kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri təşkilat tərəfindən həyata keçirilən proqramların əhəmiyyətini vurğulayıb.
Ali Məclisin Sədri əməkdaşlığın bundan sonra da davam edəcəyinə və nəticəli olacağına əminliyini bildirib, qonağa fəaliyyətində uğurlar arzulayıb.
Qulam İsakzai göstərilən səmimi münasibətə və təbriklərə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Naxçıvana səfərinin mövcud əməkdaşlığın davam etdirilməsi baxımından səmərəli olduğunu qeyd edib. Naxçıvanda “BMT modeli” konfransının keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq təmsil etdiyi təşkilatla muxtar respublika arasında əlaqələrin inkişafında səyini artıracağını bildirib.
Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.