Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan, 20 may, AZƏRTAC
Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Davut Haner, Ərzurum Vilayətinin valisi Əhməd Altıbarmak və Ağrı Vilayətinin valisi Musa İşın ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları muxtar respublikada görməkdən məmnunluğunu bildirib, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın vilayətləri arasında iqtisadi-ticarət, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Ali Məclisin Sədri əlaqələrin bundan sonra da müxtəlif sahələrdə davam etdiriləcəyini bildirib.
Səmimi qəbula görə minnətdarlıq edən Türkiyə Respublikasının Ərzurum Vilayətinin valisi muxtar respublikaya səfərlərinin onlarda böyük təəssürat yaratdığını qeyd edib, Türkiyənin yaxın vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün səylərini artıracaqlarını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Ərşən görüşdə iştirak edib.