Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir
Naxçıvan, 10 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd edilir.
Naxçıvan teatrının ilk tamaşası: “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası
1883-cü il mayın 11-də Naxçıvanda dövrünün maarifpərvər ziyalısı Hacı Nəcəf Zeynalovun şəhərin məşhur “Zaviyə” məhəlləsindəki evində Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” komediyası səhnələşdirilib və bununla da Naxçıvanda teatrın əsası qoyulub.
Naxçıvan teatrı yarandığı dövrdən maarifçilik mövqeyində durub, Azərbaycan teatr sənətinin qüdrətli nümayəndələri ilə əlaqələr saxlayıb, öz həmkarlarının mənəvi dəstəyini daim hiss edib. Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi, Əliqulu Qəmküsar və başqa görkəmli ziyalılarımız teatrın inkişafı sahəsində sərt sınaqlara dözərək əsl fədakarlıq göstəriblər. Naxçıvan teatrının yarandığı illərdə bu sənət ocağının təşəkkülü üçün Bakıdan Naxçıvana gələn qüdrətli sənətkarların Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşalar göstərməsi, sənət dostlarına mənəvi dəstək olması teatrımızın peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olub.
Ulu Öndərimiz zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verib
Teatrlara, sənət adamlarına böyük qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində ötən əsrin 70-ci illərində milli teatr sənətimiz sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verərək deyib: “Teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəldilməsində böyük rol oynamışdır”.
Böyük dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli teatrımız inkişaf edib, peşəkar aktyor və rejissor kollektivi formalaşıb. Müstəqillik illərində isə Ümummilli Liderimizin rəhbərliyi ilə səhnə sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə böyük uğurlar qazanılıb. Bu dövrdən başlayaraq teatrlara diqqət və qayğı artırılıb, yazıçı, aktyor və rejissorların yaradıcılıq şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, onların əməyi qiymətləndirilib. Teatr kollektivlərinin əməkhaqları artırılıb, aktyorların, rejissorların, dramaturqların, rəssamların, bəstəkarların yubileyləri geniş qeyd edilib, teatrlarımızın beynəlxalq əlaqələri genişlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən teatrlara diqqət və qayğı bu gün uğurla davam etdirilir. Son illər bu sahədə mühüm islahatlar həyata keçirilib, teatr binaları yenidən qurulub. 2006-cı ildə qəbul olunmuş “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, ölkə başçısının “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli Sərəncamı, 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” milli teatrımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, kollektivlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi baxımından mühüm rol oynayıb. Dövlət başçısının “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 4 mart tarixli Sərəncamı da teatr sənətinin inkişafına göstərilən diqqətin daha bir ifadəsidir.
Muxtar respublikada teatrların maddi-texniki bazası möhkəmləndirilib
Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurularaq istifadəyə verilib. Qədim diyarımızda fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, xalq teatrları, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtlarının səmərəli təşkilində əhəmiyyətli rol oynayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvan teatrı daim yeniliyə can atmış, mədəni inkişafın carçısı olmuş, geniş maarifçilik işi görmüş, cəhalət və geriliyi qamçılayaraq muxtar respublikada mədəni-ictimai fikrin formalaşmasına öz təsirini göstərmişdir”.
Teatr kollektivləri milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib
Müstəqillik illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Naxçıvan teatrı Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Trabzon, Qars, Ərzurum, İğdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku və başqa şəhərlərində qastrol səfərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakıda və Azərbaycanın digər rayonlarında göstərdiyi tamaşalar da maraqla qarşılanıb. Teatr repertuar zənginliyini daim diqqət mərkəzində saxlayır, klassik və çağdaş dramaturgiyamızın dəyərli nümunələrindən, dünya klassiklərinin əsərlərindən tamaşaları səhnəyə qoyur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının müstəqillik illərində tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Nadir şah”, “Şeyx Sənan”, “Xəyyam”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Cəlil taleyi”, “Araz sahilində doğan günəş”, “Ağa Məhəmməd şah Qacar”, “Əlincə qalası”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Ah Paris, Paris!..”, “Arılar arasında”, “Göy quş”, “Qılınc və qələm”, “Əli və Nino” kimi üslub, struktur, janr müxtəlifliyi ilə seçilən tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsidir.
Muxtar respublikada fəaliyyət göstərən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da yüksək qayğı ilə əhatə olunub. 2004-cü ildə müasir bina ilə təmin olunan kukla teatrının Türkiyə, Tacikistan və İrana səfərləri beynəlxalq mədəni əlaqələrin qurulmasında əhəmiyyətli rol oynayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı isə müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapıb.
Muxtar respublikada xalq teatrları da uğurla fəaliyyət göstərir
Bu gün muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatrlarının “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, “Yalan”, “Varlı qadın”, “Yarımgünlük rəis müavini”, “Subaylarınızdan görəsiniz”, “Beş manatlıq gəlin” kimi son tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Rayon mərkəzlərində istifadəyə verilən Mədəniyyət Saraylarında teatr kollektivləri üçün hər cür şəraitin yaradılması xalq teatrlarının fəaliyyətinin daha səmərəli təşkilinə səbəb olub.
Müstəqillik illərində Naxçıvan teatrının tədqiqi ilə bağlı bir sıra uğurlu işlər həyata keçirilib, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı yüksək qiymətə layiqdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı mühüm elmi əhəmiyyətə malik sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim olunub. Muxtar respublikada teatr təhsili sahəsində də mühüm addımlar atılıb, Naxçıvan Dövlət Universitetində Aktyorluq sənəti ixtisası yaradılıb. Bunun nəticəsidir ki, hər il istər dövlət, istərsə də xalq teatrlarının heyətinə onlarla gənc qatılır, yaratdıqları obrazlarla teatrsevərlərin qəlbinə yol tapırlar.
Naxçıvan teatrı bundan sonra da yeni-yeni nailiyyətlərə imza atacaq
Muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatlara layiq görülüblər.
Keçilən şərəfli yol bir daha belə deməyə əsas verir ki, Naxçıvan teatrları bundan sonra milli ruhun, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnəyə gətirməklə bu ideyaların keşiyində duracaq, mühüm və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirəcəkdir.
AZƏRTAC-ın Naxçıvan bürosu