Naxçıvanda elektrik enerjisinin terminallarda ödənişi bərpa olunacaq
Naxçıvan, 19 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin strukturuna daxil olan şəhər və rayon elektrik şəbəkələri abonentlərinin istifadə etdikləri aylıq elektrik enerjisinin dəyərinin qəbul edilməsinə və smart kart tipli sayğacların balansının artırılmasına görə “Naxçıvanpoçt” publik hüquqi şəxs, “Naxçıvanbank” ASC, “GoldenPay” ASC, “AzInTelekom” MMC (smartpay) və “Kapital Bank”la müqavilə imzalanıb.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun tarixində, saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smart kart tipli sayğacların balansının artırılması dayandırılıb.
Məlumat üçün bildirək ki, “Naxçıvanbank” ASC-yə məxsus 116 ədəd ödəmə məntəqəsi “Mpay” QSC-yə satılıb, xidmət onlara verilib.
“Mpay” QSC smart kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlər məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və “Naxçıvanbank” ASC arasında olan müqavilənin şərtlərinə uyğun olaraq ödəmə məntəqələrindən istifadə etməklə bağlı yeni xidmət müqaviləsinin bağlanılması üçün müraciət edib.
Qeyd edək ki, muxtar respublika üzrə 32396 abonentin smart kart tipli elektrik sayğaclarının balansının artırılması yalnız “Naxçıvanbank” ASC-nin ödəmə məntəqələrində və “Naxçıvanpoçt” publik hüquqi şəxsin poçt bölmələrində həyata keçirildiyi üçün “Naxçıvanpoçt” publik hüquqi şəxsin poçt bölmələri saat 18:00-dan sonra işləmədiyi və ödəmə məntəqələrinin fəaliyyətini dayandırması səbəbindən abonentlər balanslarının artırılmasında çətinliklərlə üzləşirlər.