Naxçıvanda “Parlaq gələcək naminə” layihəsi üzrə məktəblərdə silsilə tədbirlər keçirilib
Naxçıvan, 20 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin, “WeFinix” Təlim Mərkəzinin birgə təşkilatçılığı və “Günəş” Uşaq Akademiyasının iştirakı ilə muxtar respublikanın məktəblərində maarifləndirici xarakterli silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, "Parlaq gələcək naminə" layihəsi çərçivəsində keçirilən tədbirlərin məqsədi uşaq hüquqlarına dair Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına və eyni zamanda, uşaq hüquqlarının daha effektiv müdafiəsinin təmin edilməsinə nail olmaqdır. Dekabr ayının 2-də start verilən layihə bu gün başa çatıb.
Tədbirlər Naxçıvan şəhərinin 8 nömrəli, Babək rayonunun Nehrəm qəsəbə 2 nömrəli, Şahbuz rayonunun Badamlı qəsəbə, Kəngərli rayonunun Xıncab kənd, Culfa rayonunun Saltaq kənd, Şərur rayonunun Yengicə kənd, Sədərək rayonunun Qaraağac kənd tam orta məktəblərində və M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində keçirilib.
“Məktəbdə uşaq hüquqları”, “Narkomaniyaya qarşı mübarizə”, “Uşaq əməyinin istismarının qarşısının alınması”, “Uşaq hüquqlarının qorunması prinsipləri”, “Uşaqları zərərli informasiyalardan qoruyaq”, “Uşaqların sağlam ətraf mühitdə yaşamaq hüququ”, “Ailədə uşaq hüquqları” və “Uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolu” mövzularında təşkil edilən tədbirlərdə müvafiq məktəblərin direktorları, aidiyyəti vəzifəli şəxsləri və şagirdlər iştirak ediblər.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikası İnsan hüquqları üzrə müvəkkili Aparatının, muxtar respublikanın Təhsil, Ədliyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin əməkdaşları, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi, Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin idarə heyətinin həmtəsisçisi və idarə heyətinin sədri Esmira Tağıyeva, “WeFinix” Təlim Mərkəzinin təsisçisi və direktoru Şəhla Abdulla, "Günəş" Uşaq Akademiyasının təsisçisi və direktoru Ulduz Əliyeva çıxış ediblər. Çıxışlarda uşaq hüquqları ilə bağlı ölkədə mövcud olan qanunvericilik bazasından, bununla bağlı qəbul edilən Dövlət proqramlarından, uşaqları fiziki və mənəvi sağlamlığına təsir edən zərərli vərdişlərdən, informasiyalardan və əməyin istismarından qorumağın yollarından bəhs edilib, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində ombudsmanın və insan hüquqları təsisatlarının rolunun əhəmiyyəti vurğulanıb.