REGİONLAR
Naxçıvanda qazilər üçün “Özünü sev, çünki sən dəyərlisən” adlı təlim keçirilib
Naxçıvan, 10 avqust, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçılığı ilə “Özünü sev, çünki sən dəyərlisən” adlı təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən oğulların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Birliyin sədr müavini Əli Əlisoy bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin qalibləri elan edilib. Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş” layihəsi qrant müsabiqənin qalibi olub. Layihənin həyata keçirilməsi üçün agentlik tərəfindən 9000 manat məbləğində qrant ayrılıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənməsinə imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılması, cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və sosial həyatda fəal iştiraklarını təşviq etməkdir.
Vurğulanıb ki, müharibə sonrası travmaların müalicəsi, hərbçilərin psixoloji sağlamlıqlarını bərpa etmək istiqamətində görüləcək işlər layihənin əsas məqsədidir.
İlk təlim dosent, klinik psixoloq, doktor Ayaz Seyidli tərəfindən keçirilib. Təlim zamanı qarşılıqlı fikir mübadiləsi olub. Qazilərlə Vətən müharibəsində yaşadıqları psixoloji travmanın nəticələrinin aradan qaldırılması istiqamətində söhbətlər aparılıb.