Naxçıvanda sərhəd qurumları əməkdaşlarının milli təlimi uğurla başa çatıb
Naxçıvan, 20 may, Rauf Əliyev, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mayın 18-20-də Naxçıvan şəhərində “Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda milli təlim keçilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı və Azərbaycan Hökumətinin birgə reallaşdırdıqları sərhəd idarəçiliyi layihəsi çərçivəsində keçirilən təlimdə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları iştirak ediblər.
Layihə üzrə tərəf-müqabili Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzinin (ICMPD) Avstriyadan olan beynəlxalq ekspertləri Robert Glökl və Heinz Shneider sərhəd idarəçiliyi sahəsində dünyada əldə edilən ən son nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər barədə iştirakçılara ətraflı məlumat veriblər. Ekspertlər müasir sərhəd idarəçiliyi modelləri barədə də danışıblar.
Əvvəlcə iştirakçı qruplar yaradılıb, komandaların formalaşdırılması sahəsində nəzəri biliklərin artırılması məsələlərinə toxunulub. Rəhbər şəxslərin müəyyən təqdimat bacarıqlarının artırılması üçün müxtəlif metodlardan istifadənin vacibliyi qeyd olunub. İştirakçılar ünsiyyət bacarıqlarını nümayiş etdirdikdən sonra təlimçilərlə birgə ünsiyyət qaydaları modelləri ətrafında fikir mübadiləsi aparıblar.
“Müasir sərhəd və miqrasiya siyasəti - qabaqcıl təcrübələr” mövzusunda keçilən növbəti hissədə iştirakçılar Avropa İttifaqına istiqamətlənmiş miqrasiya proseslərinin inkişaf tendensiyaları və birliyə üzv ölkələrinin atdığı qabaqlayıcı addımlar, eyni zamanda qurumun əsas tərəfdaşı olan beynəlxalq təşkilatların vəzifələri və məsuliyyətləri barədə məlumatlandırılıblar.
Sonda əməkdaşlığa dair beynəlxalq təcrübə müzakirə edilib, əməkdaşlığın icra mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
“Sərhəd qurumları əməkdaşlarının liderlik və idarəçilik üzrə bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən milli təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd sərhəd idarəçiliyində iştirak edən orqanlarda idarəetmə və rəhbərlik bacarıqlarının gücləndirilməsinə dair nəzəri biliklərin artırılmasıdır. Bundan başqa, motivasiya, birgə fəaliyyət və struktur quruculuğu, idarəçilik üslubu, təşkilati inkişaf və idarəetmədə yarana biləcək çətinliklərin aradan qaldırılması üzrə məlumat mübadiləsinin gücləndirilməsi məsələləri də əsas məqsədlərdən biridir.